İraqda 300 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb
Partlayışın təşkilatçısı Qazvan az-Zavai həbs edilib

İraqda 2016-cı ildə Bağdadın ticarət mərkəzində törədilən, 300 insanın həlak olduğu partlayışın təşkilatçısı Qazvan az-Zavai həbs edilib.
Qazet.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Mustafa əl-Kazımiyə istinadən “BBC News” bildirib.
Baş nazirin sözlərinə görə, Qazvan az-Zavai ölkənin xaricində keçirilən kəşfiyyat əməliyyatının gedişatında tutulub. Kəşfiyyatın iki əməkdaşı agentliyə bildirib ki, əməliyyat qonşu ölkələrdən birinin vasitəsilə İraqın təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Qazvan az-Zavai iki gün əvvəl İraqa gətirilib.
Xatırladaq ki, paytaxt Bağdadın Karrada rayonunda törədilən terror aktı 2003-cü ildən İraqda ən ağır terror aktı olub. Partlayıcı maddənin qoyulduğu yük maşını ticarət mərkəzinin yanında partladılıb. Terror aktı qurbanlarından çoxu partlayışdan sonra binanı bürümüş yanğın nəticəsində həlak olub.