İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
Araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri - Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib
İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili işlər nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla daxil olan 4 nəfər saxlanılıb.
Araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri - Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.