Bakı 4˚C Cloudy

İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur

Maraqlı 17:13 18 noy, 2021

Erməni işğalçıları Azıx mağarasını silah-sursat anbarına çevirmişdilər. 

İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur

İşğaldan azad olunan ərazilərimizdə arxeoloji abidələrin qorunub saxlanılması və tədqiqatların genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Qazet.az  AMEA A.Bakıxanov adına Tarix İnstitutuna istinadən xəbər verir ki, işğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur. Bunlardan Azıx mağarası, Tağlar mağarası dünya əhəmiyyətli mağaralardır.

A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirir ki, “ … Sonradan erməni arxeoloqları və onların tutduqları muzdlu xarici arxeoloqlar tərəfindən Azıx mağarasında qanunsuz qazıntı aparılıb. Ermənilər burada “öz əcdadlarının izlərini” axtarırdılar. Amma bütün dünya bilirdi ki, Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir.

Torpaqlarımız keçən il erməni işğalından azad olunduqdan sonra şahid olduq ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər mağaralarımızda da analoji saxtakarlıq işləri həyata keçirib, qanunsuz qazıntılar aparıblar. Ümumilikdə, Azıx mağarası və digər mağaralarımız, arxeoloji abidələrimiz yenidən tədqiq olunmalıdır.

Azıx mağarasında bərpa işləri aparılmalı və mağara açıq hava altında muzeyə çevrilməlidir. Bu Qarabağın turizminə müsbət təsir edə bilər. Ərazi tam təhlükəsiz hala gəldikdən sonra düşünürəm ki, həmin yerlərdə elmi-tədqiqat işləri aparılacaq".