İşğaldan azad olunmuş 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanır
İşğaldan azad olunmuş 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır.
Qazet.az-ın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, həmin kəndlərdən üçünün - Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin Prezident tərəfindən 4 oktyabr 2022-ci il tarixində təməli qoyulub: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır”.
O bildirib ki, qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-26-cı illərdə layihələndirilməsi planlaşdırılır: “Ümumilikdə Dövlət Proqramı ilə 2022-26-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34 500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur”.