Bakı 18˚C Mostly sunny

İslahatlar davam edəcək: Vətəndaşların pensiya yaşı endirilir?

Biznes 10:29 06 noy, 2021

Hazırda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur ki, bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir

İslahatlar davam edəcək: Vətəndaşların pensiya yaşı endirilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Teleqraf.com-a müsahibə verib.

Müsahibədə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindən danışılıb, pensiya sahəsində aparılan islahatlarla bağlı məqamlara toxunulub.

Qazet.az həmin müsahibəni təqdim edir:

- Fazil müəllim, yaxın gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətində hansı islahatları görə bilərik?

- DSMF məcburi dövlət sosial sığortası və könüllü sosial sığorta, əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə əhalinin təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən, DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Publik Hüququ Şəxsə çevrilməsi Fondun fəaliyyətində inzibati idarəçiliyin birbaşa əhaliyə xidmət modeli ilə əvəzlənməsinə imkan verib. Vətəndaşlara sosial sığorta və sosial müdafiə sahələrində daha yüksək səviyyəli xidmətlərin göstərilməsi, bu xidmətlərin çevikliyi və əlçatanlığının, şəffaflığının təmin edilməsi üçün mühüm islahatlar reallaşdırılıb, müxtəlif innovativ həllərin tətbiqi ardıcıl xarakter alıb.

Publik hüququ şəxsə çevrilən Fondun bununla da strukturu tam yenilənib. 2020-ci ildə Fondun fəaliyyət istiqamətləri üzrə maliyyə-mühasibatlıq əməliyyatları, fərdi uçot sistemi, sosial ödənişlərin təyinatı, maddi-məişət şəraitinin müayinəsinin aparılması və sair mərkəzləşdirilib. Bu da həm həmin sahələrdə idarəçiliyin tam şəffaflaşdırılması və optimallaşdırılmasına, həm də əhaliyə xidmətlərin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə imkan verib.

Hazırda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur ki, bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir.

Bu sosial ödənişlərdə son 3 ildə orta hesabla iki dəfə artım baş verib. Ümumilikdə isə son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. 2021-ci il 9 ayında Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 469 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9% və ya 166,4 milyon manat çoxdur.

O cümlədən pensiya istiqaməti üzrə ödənilən vəsaitlərdə ciddi artımlar var. Məsələn, 2021-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması üçün illik əlavə olaraq 442 milyon manat ayrılıb.

Digər tərəfdən, bu ilin əvvəlindən təqaüdlərin növbəti ciddi artımı təmin olundu, yeni təqaüdlər təsis edildi, bunun üçün də il ərzində əlavə 40 milyon manat ayrılıb. Göründüyü kimi, yalnız bu iki istiqamət – pensiyaların indeksləşdirilərək artırılması və təqaüd artımı üzrə bir il üçün təqribən yarım milyard manatlıq əlavə maliyyə vəsaitlərinin ödənilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin növbəti dəfə artırılması təmin olunacaq. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Həmçinin pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da gücləndirilməsi, dövlət pensiya sisteminin dayanıqlığının qorunması istiqamətində mühüm islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən pensiya təyinatı, sonralar digər sosial təminat növləri (müavinət və təqaüd) üzrə ödənişlərin təyinatı, sosial sığorta nömrəsinin açılması elektron infrastruktur üzərində qurulub və bu sahələrdə xidmətlər e-qaydada, proaktiv qaydada yerinə yetirilir.

Cari ilin oktyabrın 1-dək ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub. Vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün “Pensiya kalkulyatoru” elektron xidməti (https://e-sosial.az/#/eServiceFrame/5721) yaradılaraq istifadəyə verilib.

Son üç ildə pensiyaların minimum məbləği 72,4 faiz, əmək pensiyalarının orta məbləği isə 60 faiz artırılıb. Həmçinin pensiyaların sığorta hissəsi 2020-ci ilin əvvəlindən 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz indeksləşdirilərək artırılıb.

Son illərdə DSMF tərəfindən əhaliyə xidmətlərin yüksəldilməsi, bu xidmətlərin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, DSMF-nin fəaliyyətinin optimallaşdırılması, maliyyə müstəqilliyi və dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Fərdi şəxsi hesabı olanların sayı, həmçinin Fondun sosial sığorta daxilolmaları daim artmaqdadır. Bütün qeyd edilən istiqamətlərdə islahatlar qarşıdakı dövrdə də davam edəcək.

- Yaşa görə pensiya hüququ verən yaş həddinin 65-ə çatdırılması nə ilə bağlıdır?

Respublikamızda iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır. Bu səbəbdən də, yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün hər il 6 ay artırılaraq 2021-ci ilin iyulundan 65 yaş müəyyən edilib. Qadınlar üçün də hazırda 62,5 yaşdır və 2027-ci ilin iyulunadək hər ildə altı ay olmaqla həmin vaxtdan 65 yaş müəyyən olunacaq.

Pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, regionda, o cümlədən Rusiya, Qazaxıstan və sair kimi ölkələrdə orta ömür uzunluğunun artımına mütənasib şəkildə qaldırılır. Bundan əlavə, hazırda Fransa, Yaponiya, ABŞ, Danimarka, Birləşmiş Krallıq kimi ölkələrdə pensiya yaş həddi 65 və daha yüksəkdir.

Bu proses əmək qabiliyyətli şəxslərə əmək bazarında daha çox qalmaq, əmək fəaliyyətini davam etdirmək imkanı da yaradır. Həmçinin bu gün bütün dünya ölkələrində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi prosesi gedir. Çünki pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının saxlanması, etibarlı pensiya təminatı mexanizminin mövcudluğu bu proseslərdən keçir.

Pensiya ödənişi üçün gözlənilən müddət isə qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericiliyində də orta hesabla 12 il götürülür. Azərbaycanda gözlənilən orta ömür uzunluğu göstəricisi onu deməyə imkan verir ki, pensiya ödənişi üçün gözlənilən müddət həmin 12 ildən çoxdur. Yaşa görə pensiyaçıların strukturunun təhlili də yaşa görə pensiya alanlar sırasında onların 97 faizdən çoxunun 12-35 il arası pensiya aldığını göstərir.

Lakin bu gün qanunvericilikdə güzətli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar, zərərli işlərdə çlışanlar və b.) nəzərdə tutulub.

Fondun daxilolmalarında artım varmı?

- DSMF-nin daxilolmalarında davamlı olaraq ciddi artım dinamikası mövcuddur. Əmək münasibətlərinin leqallaşması istiqamətində irəliləyişlərə nail olunub, əmək müqavilələrinin sayı son üç ildə 400 minə yaxın artıb, əməkhaqlarında ciddi artımlar var, bütün bunlar, habelə sosial sığorta haqlarının toplanmasında inzibatçılığın optimallaşdırılması sosial sığorta daxilolmalarında ciddi artımlara imkan verib.

DSMF-nin fəaliyyətinin optimallaşdırılması, maliyyə müstəqilliyi və dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24%, bu ilin 9 ayında isə 3,6% (156,8 min nəfər) artaraq 4,5 milyonu ötüb.

Həmin dövrdə DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 70 faiz və ya 1 milyard 467 milyon manat artaraq 2020-ci ildə 3 milyard 553 milyon manata çatıb. 2021-ci ilin 9 ayında bu artım 208 milyon manat və ya 8 faiz, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 784 milyon manat təşkil edib. İllik proqnoz büdcə təşkilatları üzrə 105 faiz, qeyri-büdcə sektoru üzrə 113 faiz icra olunub.

Onu da qeyd edim ki, 2018-2020-ci illərdə də əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən DSMF-yə transfert məbləği illik 11,9 faiz azalıb.

Nəticədə dövlət büdcəsindən transfertin Fondun gəlirlərində payı 38,1%-dən keçən il 24,8%-ə enib.

-Güzəştli şərtlərlə yaşa görə təyin olunan pensiyalarla bağlı yeni layihələr olacaqmı?

Nazirlik tərəfindən pensiya təminatı sahəsi üzrə qanunvericilik aktlarının mütəmadi olaraq aparılan monitorinqi nəticəsində sığorta-pensiya sisteminin inkişafı və təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə pensiya qanunverciliyində daimi təkmilləşdirmələr aparılır.

Xüsusilə də son illərdə pensiya sahəsində humanist yanaşma əsasında apardığı islahatlar pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verib.

Belə ki, 2019-cu ilin yanvarın 1-dən reallaşan islahat vətəndaşların fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan verir. Bu cür humanist yanaşma nəticəsidə ölkədə on minlərlə yaşlı şəxsin pensiya hüququ əldə etməsinə şərait yaradılıb. Həmçinin yaşa görə pensiya və yaşa görə müavinət hüququ verən yaş hədləri 2020-ci ilin əvvəlindən eyniləşdirilib. Bununla da pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilir və sosial təminatdan kənarda qalmırlar.

Təbii ki, bu qanunvericilik islahatları davam edəcək, qarşıdakı dövrdə də bu sahədə yeniliklər olacaq. “Əmək pensiyaları haqqında” Qanunda bir sıra dəyişiklikləri özündə ehtiva edən layihə də hazırlanıb və layihədə təkliflərdən biri əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışanlarla bağlıdır.

Onlarla bağlı yaşa görə pensiya hüququna baxılması zamanı bəzi tələblərdə yumşaldılma, eləcə də güzəştli şərtlərlə yaşa görə erkən pensiyaya çıxma imkanı verən fəaliyyət sahələrinin siyahısına son dövrlərdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmək bazarında baş verən dəyişikliklərlə bağlı yeni peşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.

-Zərərli işlə bağlı pensiyaya çıxmış insanların statistikası aparılırmı? Sayları nə qədərdir?

- Əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışmaqla bağlı olaraq xüsusi şərtlər əsasında pensiya təyin olunmuş vətəndaşların sayı hazırda 40 mindən çoxdur.

-Yaşa və əlilliyə görə əmək pensiyası almaq hüququ olan şəxs bu pensiyaların hər ikisini eyni vaxtda ala bilərmi?

-Xeyr. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə iki və ya üç pensiya hüququ olan şəxslərə öz seçimləri əsasında onlardan yalnız biri təyin edilir. Amma pensiya ilə bərabər təqaüd növünə də hüququ varsa, hər iksini ala bilər. Məsələn, müharibə əlilləri və digər bir çox şəxslər var ki, aylıq pensiya ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar.

Məlumdur ki, ölkəmizdə üç növ əmək pensiyası var: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. Bunların arasında dinamika necədir? Yəni, hər üç növə görə təyin olunmuş pensiyanın orta həcmi nə qədərdir?

- Əmək pensiyalarının minimum məbləği 2019-cu ildə 72,4% artırılaraq 200 manata çatdırılıb. Bu gün minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (2021-ci ildə 162 manat) 23,5% üstələyir.

Əmək pensiyalarının sığorta hissəsi 2019 və 2020-ci il üzrə ölkədə nominal orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq 2020-ci ilin yanvarın 1-dən 16,6 faiz, 2021-ci ilin yanvarın 1-dən 11,4 faiz indeksləşdirilərək artırılıb.

Ümumilikdə son üç ildə əmək pensiyalarının orta məbləği 60 faiz artaraq 332 manata, yaşa görə pensiyalar üzrə 361 manata çatıb. Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda da ciddi artımlar baş verib. Əmək pensiyalarının orta məbləği dedikdə bu hər üç növ üzrə ödənilən pensiyaların orta məbləğini ifadə edir.

- Bəs, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri halları ilə bağlı əlillik alan şəxslər arasında saxtakarlıq halları varmı? Ümumiyyətlə, bu hallara qarşı mübarizə üsulları necə aparılır?

- İlk növbədə bildirim ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, səhiyyə müəssisələrinin elektron sistemə (“Əlillik” altsistemi) təqdim etdikləri göndərişlərdəki (Forma 88) məlumatlar əsasında həyata keçirilir. Göndərişdəki diaqnoz məlumatları əlillik vəziyyətini müəyyən etməyə əsas verdiyi halda, göndərişin aid olduğu şəxsə müvafiq əlillik dərəcəsi verilir, əks halda, verilmir. Bu il 45 mindən çox şəxsə əlillik təyin edilib, onlardan 31 minə qədəri təkrar, qalanları isə ilkin əlillik təyinatı aparılanlardır.

Əsassız əlillik işlərinin ləğvi əslində əlillərin hüquqlarının qorunmasına, sosial ədalətli yanaşmaya imkan verir. Əsassız əlilliklər üzrə vəsait axınının qarşısı alınaraq bu vəsaitlər həqiqətən əlilliyi olan şəxslərə, digər həssas qruplara, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir.

Əsassız əlillik təyinatlarının müəyyən edilərək ləğv edilməsi, bu sahədə şəffaflığın təminatı prosesi əlilliyin səbəblərindən asılı olmayaraq, yəni fərq qoyulmadan aparılır. Hər hansı şəxsin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əlilliyinin də əsassız olduğu aşkar edilirsə, təbii ki, həmin əlillik də ləğv edilir.

-Saxta pensiya alanların cəzası statusun ləğv olunması ilə yekunlaşır, yoxsa barələrində başqa tədbirlər də görülür?

- Əsassız əlillik ləğv olunduğu halda həmin status və eyni zamanda əlillik üçün verilmiş imtiyaz və güzəştlər də ləğv edilir. Həmçinin əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür. Məsələn, 2018-2021-ci illərdə bu istiqamətdə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə, əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb.

Ümumən əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlərin görülməsi təmin edilərək, digər tərəfdən, sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa təqdim olunub.

Agentliyin 5 və 7 nömrəli TSEK-lərinin sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və hüquq müstəvisində digər tədbirlər görülüb.