Bakı 15˚C Sunny

İspaniyanın Baş naziri kralın toxunulmazlığının ləğv olunması ideyasını dəstəkləyib

Gündəm 17:12 18 okt, 2021

İspaniyanın Baş naziri müvafiq bəyanatı Cadena SER radiostansiyasına müsahibəsində səsləndirib

İspaniyanın Baş naziri kralın toxunulmazlığının ləğv olunması ideyasını dəstəkləyib

İspaniya hökumətinin rəhbəri Pedro Sançes monarxın ölkə konstitusiyasında təsbit edilən toxunulmazlığının ləğv olunması ideyasını dəstəkləyib.

Qazet.az Azərtaca istinadən xəbər verir ki, İspaniyanın Baş naziri müvafiq bəyanatı Cadena SER radiostansiyasına müsahibəsində səsləndirib.

“Düşünürəm ki, dövlət başçısına münasibətdə bu statusa ehtiyac yoxdur. Fikrimcə, bu, başqa bir dövrün məhsuludur, lakin 40 ildən çox tarixə malik konsolidasiya edilmiş demokratik mərhələnin deyil, demokratiyamızın başqa qanuni mərhələsidir”, - deyə Pedro Sançes bildirib.

Müvafiq bəyanat 2014-cü ildə İspaniya taxtından imtina etmiş I Xuan Karlosla bağlı qalmaqal fonunda səslənir. Hələlik I Xuan Karlosa qarşı heç bir ittiham irəli sürülməsə də, ölkədə onun fəaliyyəti ilə bağlı bir neçə araşdırma aparılır. 2020-ci il avqustun 3-də monarx oğlu kral VI Filippə ölkəni tərk etmək barədə qərar qəbul etdiyini bildirib və Birləşmiş Ərəb Əmirliklərinə gedib.

Qeyd edək ki, İspaniya Konstitusiyasının 56.3-cü maddəsində “kralın şəxsiyyətinin toxunulmazlığı və məsuliyyətdən azad olması” müddəası yer alır. Bir müddət öncə İspaniyanın Baş naziri monarxın toxunulmazlığını məhdudlaşdırmaq üçün ölkənin əsas qanununa dəyişikliklər olunmasının mümkünlüyünü istisna etməmişdi.