Bakı 26˚C Sunny

İsrail ABŞ-ın ən yeni bunker dağıdan bombaları ilə maraqlanır

Gündəm 18:42 26 okt, 2021

İsrail bu raketləri HƏMAS-ın yeraltı bazalarına qarşı istifadə etmək niyyətindədir

İsrail ABŞ-ın ən yeni bunker dağıdan bombaları ilə maraqlanır

İsrail ABŞ-dan 2,5 tonluq döyüş başlığına malik ən yeni bunker dağıdan GBU-72 (GBU-72 Advanced 5K Penetrator) bombaları almaq istəyir.

Qazet.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri öz mənbələrinə istinadən yazıb.

Mənbələrə görə, İsrail bu raketləri HƏMAS-ın yeraltı bazalarına qarşı istifadə etmək niyyətindədir.

İsrail artıq inventarında olan GBU-28 bombalarını fəal şəkildə istifadə edir və bu bombayla hücumlardan əldə etdiyi dərsləri ABŞ Hərbi Hava Qüvvələri ilə bölüşür. ABŞ İsrailin öyrəndiyi dərslər əsasında GBU-72 hazırlayırdı.

ABŞ-la paylaşdıqları məlumatlar sayəsində İsrail səlahiyyətliləri GBU-72-nin ABŞ Hərbi Hava Qüvvələrinin inventarına girməsindən sonra satışlarının təsdiqlənəcəyinə ümid edirlər.

İsrail bu il Qəzzada GBU-72-nin köhnə versiyası olan GBU-28-dən çox fəal istifadə etdi və HƏMAS-ın şəhərin altında inşa etdiyi “Metro City” adlı tunel şəbəkəsini hədəf aldı.

Mənbələrin bildirdiyinə görə, İsrail Qəzzada həyata keçirdiyi hücumlarla bağlı məlumatları ABŞ Hərbi Hava Qüvvələrinə təqdim edib. ABŞ Hərbi Hava Qüvvələri ötən həftələrdə GBU-72 bombasının bir sıra sınaqlarını uğurla başa vurduğunu açıqlamışdı.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, GBU-72 bombasının hazırlanmasında məqsəd “gücləndirilmiş və dərin basdırılmış hədəf çağırışlarının öhdəsindən gəlmək”dir. GBU-72 həm qırıcı, həm də bombardmançı təyyarələr üçün nəzərdə tutulub. ABŞ Hərbi Hava Qüvvələri F-15E döyüş təyyarələri ilə GBU-72 testlərini həyata keçirdiyindən, GBU-72-nin İsrailin artıq inventarında olan F-15 döyüş təyyarələrinə inteqrasiyası çox asan olacaq.

Məlumdur ki, ABŞ Hərbi Hava Qüvvələri GBU-72 üzərində 2017-ci ildən işləyir. Gələn il qüvvələrin 36 milyon dollara 125 GBU-72 alacağı gözlənilir.

“Applied Research Associates” (ARA) tərəfindən hazırlanmış GBU-72-nin inkişaf etdirilməsi prosesində ölümcüllüyü artırmaq üçün qabaqcıl modelləşdirmə və simulyasiya üsulları və prosesləri istifadə edilib.

GBU-28 ilk dəfə 1991-ci ildə İraqda Səhrada Tufan Əməliyyatı zamanı istifadə edilib. Bu bombalarla İraqın yeraltı komandanlıq mərkəzləri hədəfə alınıb. Əməliyyat zamanı çox yaxşı nəticələr verən bombanın istifadəsi 2003-cü ildə ABŞ-ın İraqa hücumu zamanı da davam edib.

Mənbə