Bakı 25˚C Sunny

İsveçrə Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Siyasət 14:13 21 okt, 2022
İsveçrə Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) direktor müavini, həmçinin İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirinin müavini Alberto Hernandez, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digər nümayəndələrlə görüşüb.

DMX-dən Qazet.az-a verilən məlumata görə, xidmət rəisi görüşdə Azərbaycan Respublikası ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində sıx əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasına miqrasiya sahəsindəki əməkdaşlıq çərçivəsində görülən işlər, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin regiondakı fəallığı barədə danışan Vüsal Hüseynov Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və bunun Azərbaycanın qonşu ölkələrində, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və digər tərəfdaş ölkələrdə miqrasiya sahəsində çalışan şəxslərin potensialının gücləndirilməsinə yönəlmiş qabaqcıl təşəbbüs olduğunu da vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Alberto Hernandez ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini, bundan sonra da əlaqələrin daim inkişaf edəcəyindən əminliyini bildirib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.