Bakı 12˚C Mostly cloudy

İsveçrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Siyasət 17:20 04 yan, 2023
İsveçrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti ali səviyyəli toplantısı BMT-nin Cenevrə ofisi ilə birgə əməkdaşlıq çərçivəsində yanvarın 12-13-də Cenevrədə baş tutacaq.

Beynəlxalq Mərkəzdən Qazet.az-a bildirilib ki, İsveçrənin Cenevrə şəhərində “Parçaları toplamaq: Bölünmüş dünyanın bərpasındakı çətinliklər” mövzusunda keçiriləcək toplantıda sülh və təhlükəsizlik, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun iştirakı ilə qlobal səhiyyə strategiyası, miqrasiya və qaçqın krizisi, multilateralizm və qlobal dünya gündəliyində əsas yer tutan bir çox məsələlər müzakirə olunacaq.

Toplantının açılışında BMT-nin Cenevrə ofisinin Baş direktoru xanım Tatyana Valovaya, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və İsmail Seragəldin, BMT-nin Cenevrə ofisinin Baş direktorunun aparat rəhbəri David Çıkvaidze, BMT-nin Baş Assembleyasının 75-ci prezidenti Volkan Bozkır və 73-cü prezidenti Mariya Fernanda Espinoza çıxış edəcəklər. O cümlədən Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstanın sabiq Prezidenti Giorgi Marvelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Belçikanın sabiq Baş naziri İv Leterm, Latviyanın sabiq prezidentləri Raimonds Veyonis və Valdis Zatlers və Ərəb Liqasının sabiq Baş katibi Amr Musa daxil olmaqla dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq Baş nazir və 10-dan çox sabiq xarici işlər naziri daxil olmaqla 50-dən çox ali səviyyəli qonağın iştirakı nəzərdə tutulub.

Cenevrədə baş tutacaq ali səviyyəli toplantı çərçivəsində, o cümlədən 2023-cü ildə keçiriləcək X Qlobal Bakı Forumuna həsr olunan hazırlıq toplantısı təşkil ediləcək.