Bakı 15˚C Sunny

IT İnstitutunun illik hesabat iclaslarına başlanılıb

Cəmiyyət 17:55 15 noy, 2022
IT İnstitutunun illik hesabat iclaslarına başlanılıb

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclaslarında elmi müəssisənin struktur bölmələrində 2022-ci il ərzində aparılan tədqiqatların nəticələri müzakirə olunur.

Bu barədə Qazet.az-a institutdan məlumat verilib.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, hər il olduğu kimi, institutun struktur bölmələrinə 2022-ci ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb.

Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin “Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. İnstitutun baş direktoru bildirib ki, AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş digər elmi müəssisə və təşkilatları kimi İnformasiya Texnologiyaları İnstitutu da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, öz fəaliyyətini yenidən qurmalıdır.

Cari il üzrə hesabatların yeni şərait və reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğulayan akademik R.Əliquliyev hər bir əməkdaşın fəaliyyət planı üzrə il ərzində qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı ətraflı məlumat verməsinin əhəmiyyətini qeyd edib.

Sonra iclasda institutun bir neçə struktur bölməsinin 2022-ci il ərzində əldə etdikləri elmi nəticələrə dair hesabatları dinlənilib. Hər bir şöbə rəhbəri plan çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

İclasda şöbələr üzrə çap olunmuş məqalələrin, eləcə də konfrans materiallarının sayı, institut əməkdaşlarının elmi əsərlərinə istinadların sayı ilə bağlı statistik məlumatlar təqdim edilib.

Şöbələrin hesabatları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunaraq təsdiq edilib.

Akademik R.Əliquliyev hesabat ili ərzində struktur bölmələrdə aparılan elmi tədqiqatları, əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirib, institut əməkdaşlarını bundan sonra da qurumun qarşısına qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, elmi fəaliyyəti gücləndirməyə, beynəlxalq elmi əməkdaşlığı genişləndirməyə çağırıb.