İtaliya saytları Buxarest Sazişinin əhəmiyyətindən yazdı - FOTO
İtaliyanın aparıcı KİV-ləri dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə dair məlumatlar yayıb.
Qazet.az xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında dərc olunmuş yazılarda Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanan sazişdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Qara dənizdən çəkiləcək elektrik xətti ilə Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına nəqlinin nəzərdə tutulduğu bildirilir. Qeyd olunur ki, layihə Avropa İttifaqında təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Prezident İlham Əliyevin imzalanma mərasimində Azərbaycanın Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını bildirdiyi vurğulanır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Rumıniya Prezidenti Klaus Yohannisin iştirakı ilə imzalanan sazişin Aİ ilə Azərbaycan arasında bağlanmış enerji sazişlərinin bir hissəsi olduğu bildirilib.
Yazılarda, həmçinin ötən günlərdə SOCAR ilə Romqaz şirkətlərinin gələn il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya təbii qazın təchizatı barədə müqavilə imzaladığı da qeyd olunub.