Kabildə Amerika əleyhinə etirazlar keçirilib
Etirazçılar puştu və ingilis dillərində müxtəlif şüarlar səsləndiriblər

Bugün Əfqanıstanın paytaxtı Kabil şəhərində insanlar ABŞ əleyhinə mitinq keçiriblər.
Qazet. az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstan Mərkəzi bankına qarşı davam edən blokadasının ardınca Kabildə etirazçılar ölkənin maliyyə resurslarının azad edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.
Nümayiş iştirakçıları ölkə iqtisadiyyatının tənəzzüldən və problemlərdən qurtulması üçün ABŞ-dan valyuta ehtiyatlarının sərbəst buraxılmasını tələb ediblər.
Etirazçılar puştu və ingilis dillərində “Qidalanmağa imkan ver!” kimi şüarlar səsləndirərək, ABŞ-ı “müstəmləkəçi“ adlandırıblar.
Taliban rəsmilərinin müşayiəti ilə keçirilən etirazlarda bildirilib ki, Əfqanıstandakı humanitar böhranın əsas səbəbi onlara məxsus aktivlərin dondurulmasıdır.
Qeyd edək ki, 15 avqust 2021-ci ildə Taliban ölkədə hakimiyyətə yiyələndikdən sonra ABŞ və digər Qərb ölkələri Əfqanıstanın 9,5 milyard dollardan çox aktivini dondurub. Bu səbəbdən Əfqanıstanda iqtisadi vəziyyət günü-gündən pisləşib.