Kalın: "Türkiyə taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır"
Türkiyə iyul ayında İstanbulda bağlanmış taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Ukraynanın buna münasibəti müsbətdir, məsələ Rusiya ilə müzakirə olunur.
"Bu məsələni Kiyevdən əvvəl də Ankara qaldırmışdı və müsbət cavab alıb. İndi Rusiya tərəfi ilə mövzunu müzakirə edirik. Moskvanın Rusiya məhsullarının tədarükü ilə bağlı müəyyən narahatlığı var", - Kalın qeyd edib.
Məhsul müqaviləsinin icrasının başladığı avqustun 1-dən Ukrayna limanlarından 6,2 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzi (JCC) silah qaçaqmalçılığının qarşısını almaq və taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.