Kəmaləddin Heydərov idmançılarla görüşdü
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.
Federasiyadan Qazet.az-a verilən məlumata görə, görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə Heyətinin üzvləri, yığmaların məşqçilər korpusu və taekvondoçular iştirak ediblər.
Taekvondoçuların hazırkı durumu ilə maraqlanan K. Heydərov Meksikanın Qvadalaxara şəhərində keçiriləcək yarışda təmsilçilərimizdən uğur gözlədiyini bildirib. O, yığmanın iştirak etdiyi dünya çempionatlarından daim uğurla qayıtdığını xatırladaraq, bu dəfə də idmançılarımızın inamlı çıxışına ümid etdiyini vurğulayıb.
Federasiya rəhbəri komandaya uğur arzuladıqdan sonra kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov taekvondoçularımızın hazırlığı barədə məlumat veriblər. Onlar komandaların məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduqlarını qeyd ediblər. Ən güclü taekvondoçularla Qvadalaxaraya yollanacaqlarını vurğulayan çalışdırıcılar Meksikada Azərbaycan himnini səsləndirmək və bayrağını yüksəklərə qaldırmaq üçün çalışacaqlarını deyiblər.
ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev də komandanın hazırkı durumundan razı olduqlarını və taekvondoçularımızın yenə də xalqımıza sevinc yaşadacağına inandıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir.
Sonda yığma üzvləri də dünya çempionatında medal qazanmaq üçün mübarizə aparacaqlarını bildiriblər.
Qeyd edək ki, mundialda ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.