Bakı 5˚C Showers

“Kişi müəllimlərin şagirdin nazını çəkəcək səbri qalmayıb” – Məktəbdəki çatışmazlıq

Maraqlı 17:16 18 dek, 2022
“Kişi müəllimlərin şagirdin nazını çəkəcək səbri qalmayıb” – Məktəbdəki çatışmazlıq

Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil. Ancaq onlardan fərqli olaraq məktəblərdə çalışan kişi müəllim və direktorların sayı nəzərəçarpacaq dərəcədə azdır. İldən-ilə də onların sayında azalma müşahidə olunur.

Bəs kişi müəllimlərin sayının azalma səbəbi nədir? Kişi müəllimlərin sayının azalması təhsil sisteminə necə təsir göstərəcək? Kişi müəllimlərin sayını artırmaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı sabiq təhsil naziri, professor Firudin Cəlilov AzEdu.az-a açıqlamasında problemi müəllim maaşının az olmasında gördüyünü bildirdi:

“Müəllim maaşının az olması əsas səbəbdir. Kişilər ailə başçısı olduğu üçün müəllim maaşı ilə ailə dolandırmaqda çətinlik çəkir. Maaş az olduğu üçün digər sahələrə üstünlük verirlər. XX əsrin 90-cı illərdə bu hall müşahidə olunurdu. O zaman bunu aradan qaldırmaq üçün müəllimlərin maaşını bir neçə dəfə artırıb, kommunal xərclərdən azad etdik. Bu zaman ixtisasından uzaqlaşan müəllimlərin çoxu ixtisasına geri döndü”.

“Psixoloqların araşdırmasına əsasən orta məktəbdə kişi müəllimlərin çox olmasının böyük əhəmiyyəti var. Uşaqlar yetkinləşmə dövründə məktəbdə olduqları üçün, kişi müəllimin davranışından, xarakterindən çox şey asılıdır”.

Mövzu ilə bağlı məktəb direktoru Nemət Rüstəmov AzEdu.az-a açıqlamasında kişi müəllimlərin sayının azalmasını maaş azlığında və ölkədəki ictimai-siyasi problemlərdə gördüyünü bildirdi:

“Çox insan bunun səbəbini əməkhaqqının azlığında görür. Əməkhaqqı az olduğu üçün bu sahədə çalışanları çox hissəsini qadınlar təşkil edir. Müharibə şəraitində yaşamağımız, ictimai-siyasi problemlərin çoxluğu səbəbindən kişi müəllimlərin məktəbdə şagirdin nazını çəkəcək səbri qalmayıb. Hazırda bu təhsilimizdə çalışanların faiz göstəricisini daha çox qadınlar təşkil etdiyi üçün, artıq bu sahəyə kişilər maraq göstərmir”.

N.Rüstəmov kişi müəllimlərin az olmasının uşaqlara göstərdiyi mənfi təsirdən söz açdı:

“5-8 sinif uşaqları yetkinlik dövründə olarkən ailədə ata işləyir, evdə yalnız ananı görür, eyni qaydada məktəbdə də yalnız qadın müəllimləri gördükdə, bu zaman uşaqlar arasında müəllimə qarşı bir saymamazlıq müşahidə olunur. Təhsildə kişi müəllimlərin olması həm davranış qaydalarına, həm də təhsil keyfiyyətinə müsbət təsir göstərir. Kişi müəllimlər ilə, qadın müəllimlər arasında fərq ondadır ki, oğlan uşaqları formalaşdığı dövrdə özünü kiməsə göstərmək kimi hallar olur, bu zaman kişi müəllimlərdən qadın müəllimə nisbətən daha çox çəkinirlər”.

Direktor bu sahəyə kişi müəllimləri cəlb etməyin yollarından danışdı:

 

“İlk olaraq özümüz üçün müəyyən etməliyik ki, nə qədər müəllim yetişdirməliyik. Qəbul zamanı müəllim ixtisası üzrə balları yüksək tutmağa çalışmalıyıq. 220 bal ilə biologiya ixtisasına qəbul olanlar var, onlar qəbul zamanı həmin fənn üzrə 30 sualdan 10-nu cavablandıra bilməyən şəxslərdir. İlk olaraq kişi müəllimləri bu sahəyə cəlb etmək üçün əməkhaqqı yüksəlməlidir. Müəllimlər arasından örnək müəllimləri kütləvi informasiya vasitələri ilə ictimaiyətə təqdim etməliyik”.