Bakı 4˚C Dreary

KİV: Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub

Xəbərlər 17:32 23 okt, 2022
KİV: Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub

Ukraynada Rusiyanın son bir ayda səfərbərliyə alınan azı 41 vətəndaşı həlak olub.

Qazet.az-ın məlumatına görə, bunu "Mediazona" və BBC-nin rus xidmətinin jurnalistləri könüllülər komandası ilə birlikdə açıq mənbələrə istinadən müəyyən ediblər.

Qeyd edildiyi kimi, bu itkilərin bəziləri qeyri-döyüş şəraitində - cəbhəyə yola salınmamışdan əvvəl təlim mərkəzlərində, poliqonlarda və hərbi hissələrdə qeydə alınıb.

Araşdırmaya əsasən, Rusiya Ukrayna ilə müharibəyə başlayandan indiyədək azı 7 822 hərbçi ölüb.

Könüllü dəstələr arasında itkilər müharibənin əvvəlindən indiyədək əhəmiyyətli dərəcədə artıb. Bu itkilər hava-desant və motoatıcı qoşunlarda qeydə alınan itkilərlə müqayisə edilə bilər. Könüllülər arasında 800-dən çox, hava-desant və motoatıcı qoşunlarda isə 1 200-dən çox insan həlak olub.

Bundan əlavə, muxtar respublikaların itkiləri digərlərindən daha çoxdur - Dağıstan və Buryatiya bu sırada öndə gedir.

"Mediazona" yazır ki, Ukraynada İkinci Çeçenistan müharibəsindəkindən daha çox rus hərbçisi ölüb.

Rusiya Müdafiə Nazirliyi itkilərin sayının 5 937 nəfər olduğunu açıqlayıb.

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə və Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabitinə istinadən itkilərin 90 min nəfəri keçdiyi bildirilirdi.