"Klinik ölüm keçirmiş bir adam kimi əminəm ki, ölüm – hələ son deyil" - Rasim Müzəffərli
Çingiz Musatafayevlə dostluq etdiyimiz 11 illik bir dövrü illərlə yox, günlərlə ölçmək lazımdır
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 7-ci gündür.
Azərbaycanlı filosof, bəstəkar-şair və naşir Rasim Müzəffərli Vətən müharibəsi ilə bağlı fikirlərini Qazet.az-a müsahibəsində danışıb.
– 44 günlük Vətən müharibəsini bir vətəndaş olaraq necə xatırlayırsınız?
– Bütün sahələrdə milli səfərbərlik dövrü kimi. Eyni vaxtda keçirdiyim qarışıq hisslər: sevinc, hüzn, qürur, nigaranlıq, coşqu, yanğı, şükür, rəhmət... Vətəndaşlığın fərdilikdən üstün olduğu bir savaş! Bunları yaşamaq hər nəslə nəsib olmur.
– Müharibədən sonra ifa etdiyiniz "Harasa getmişəm" mahnısıyla hansı mesajı insanlara çatdırmaq istəyirdiniz?
– "Harasa getmişəm" – ilk növbədə şəhid ailələrinə ehtiram və təskinlikdir. Klinik ölüm keçirmiş bir adam kimi əminəm ki, ölüm – hələ son deyil, sonun başlanğıcıdır.
– Birinci Vətən müharibəsinin unudulmazlarından olan ilk şəhid jurnalist Çingiz Musafayevlə yaxın dost olmusunuz. Çingiz Mustafayevlə bağlı ən yadda qalan hansısa bir xatirənizi bizimlə bölüşə bilərsinizmi?
– Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı xatirələrim, təbii ki, çoxdur. Dostluq etdiyimiz 11 illik bir dövrü illərlə yox, günlərlə ölçmək lazımdır – bir-birindən maraqlı, macəralı, mənalı keçən təxminən 4 min gün dost olmuşuq... 80-ci illərdə AZTV-də "Ekspromt" adlı bir veriliş hazırlayırdıq. O dövr üçün yenilikçi, kəskin tənqidi ifadələr işlədilən bir veriliş idi. Bilirdik ki, rejissorumuz Nazim Zeynalov verilişi montaj edəndə, məsələn, hansısa bir məqamı kəsib tullayacaq. Montaj prosesində həmin məqam gələndə Çingizlə yalandan bir dava salırdıq, mübahisə edirdik və Nazim müəllimin başı qarışırdı bizi sakitləşdirməyə və həmin məqamı gözdən qaçırırdı. Amma veriliş efirə gedəndən sonra müdiriyyət Nazim müəllimi danlayırdı və dəfələrlə olmuşdu ki, bir müddət biz efirə buraxılmırdıq... İllər keçəndən sonra məlum oldu ki, Nazim müəllim bizim artistlik edib saxta mübahisə, hay-küy saldığımızı bilirmiş. Yeri gəlmişkən, məni Çingizlə tanış edən məhz Nazim müəllim olub.
– Bəs sizin fikrinizcə Birinci Vətən müharibəsi zamanı Çingiz Mustafayevin apardığı jurnalistik fəaliyyəti, İkinci Qarabağ müharibəsində davam etdirə bilən jurnalist, yaxud media nümayəndəliyi ola bildimi? Gördüyünüz doğrular və yalnışlar nə idi?
– 1-ci və 2-ci Qarabağ savaşları da, bu savaşlardakı jurnalistlik fəaliyyəti də çox fərqlidir. Birincidə cəmi 10-15 jurnalistimiz müharibəni işıqlandırırdı, ikincidə isə həm artıq 10 yox, onlarla peşəkar jurnalistimiz, həm də minlərlə internet istifadəçisi olan sadə vətəndaşlarımız ideoloji savaş meydanında idilər. Amma bu 44 gün ərzində Ali Baş Komandanın verdiyi müsahibələr və xalqa etdiyi müraciətlər bütün jurnalistləri və media qurumlarını kölgədə qoymuşdu. Gördüyüm əsas doğru bu idi. Yanlışları isə bu gün, Zəfərimizi bayram etməyə hazırlaşdığımız bir məqamda müzakirə etmək istəməzdim. Hamımızın Zəfər günümüz mübarək!
– Qarabağa qayıdış sizin üçün nə ifadə edir?
– 90-cı illərdən "Böyük Qayıdış" kəlməsi dilimdə və yazılarımdadır. Mənim üçün Qarabağa qayıdış – Vətənə qayıdışdır, uşaqlığıma, gəncliyimə qayıdışdır. Bu qayıdış arzuların gerçəkləşməsi, günahların yuyulması, yuxuların çin olmasıdır. Biz təkcə Qarabağa qayıtmırıq, həm də kimliyimizə, kişiliyimizə, özümüzə qayıdırıq.
Dönməz Hüseyin