Bakı 23˚C Sunny

Kollegiyanın sədri vəkil və hakimləri sərt tənqid edib- STATUS

Cəmiyyət 13:47 22 sen, 2021

“Bütün məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ciddi riayət edilməli”

Kollegiyanın sədri vəkil və hakimləri sərt tənqid edib- <span style="color:red">STATUS</span>

Vəkillər kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “facebook” səhifəsində vəkillərə və hakimlərə müraciətində deyib: 

“Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənir. Əlbəttə ki, bu vəsatətlərin cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş olması istisna deyil”.

O bildirib ki, müdafiəçi vəkil sübutetmənin subyektidir və sübutların toplanması, yoxlanması və qiymətləndirilməsində iştirak etməklə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv həyata keçirilməsinə kömək edir: “Həm məhkəməyə qədərki istintaqda, həm də məhkəmə istintaqında müdafiəçi vəkilin sübutetmədə iştirakının ən mühüm formalarından biri onun vəsatətlər verməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.6. maddəsində etirazlar və vəsatətlər vermək müdafiəçinin hüququ kimi nəzərdə tutulub”.

"Göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində respublikada həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır: “Hesab edirəm ki, bütün məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ciddi riayət edilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər təmin edilməli, heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Çünki bu cür hallar ədalət mühakiməsinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir etməklə yanaşı, həm də vətəndaşlarımızın məhkəməyə olan inamını azaldır”

Anar Bağırov
Vəkillər kollegiyasının sədri

O, vəkillərə də müraciət edərək bu cür hallara yol verildiyi halda məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıb.