Komitə sədri çağırış etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində çağırış edib.
Dövlət Komitəsindən Qazet.az-a verilən məlumata görə, müraciətdə bu gün dünyanın hər yerində, qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş kampaniyanın davam etdiyi bildirilib:
"Çünki ailələrimiz və cəmiyyətlərimizin ahəngdar inkişafını təhdid edən bu ciddi problem dünyada baş verən münaqişələr, təbii fəlakətlər, o cümlədən COVID-19 pandemiyasının gətirdiyi məhdudiyyətlər səbəbindən zorakılığın miqyasını daha da genişləndirir. Bütün dünyada olduğu kimi ölkəmizdə də maraqlı tərəflərin bu fenomenlə fasiləsiz mübarizə aparması və bu sahədə tədbirlərin şaxələndirilməsi müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Həmçinin yerli səviyyədə resurs mərkəzləri, zorakılığa qarşı monitorinq qrupları, dövlət və qeyri-dövlət Qaynar Xətt və Dəstək Xətt xidmətləri fəal şəkildə çalışırlar. Psixoloji konsultasiya və müvafiq xidmətlərə yönləndirmə işləri daha peşəkar şəkildə təşkil olunur. Bu və digər mexanizmlər vasitəsilə real dəyişiklik yaratmağa yönəlmiş dövlət siyasətimiz hər il- 25 noyabr - 10 dekabr qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 Günlük Qlobal Fəallıq kampaniyası" vasitəsilə də icra olunur".
"Bu əlamətdar gündə tərəfdaşlarımızı şiddətin qarşısının alınması, qurbanların müdafiəsi, uzunmüddətli və davamlı dəstək üçün səfərbər olmağa çağırıram. Gəlin hamılıqla dünyamızı qadın və qızların rahat yaşaya biləcəyi təhlükəsiz bir məkana çevirmək üçün "Qarşılıqlı hörmət və sevgi əsasında birləşək!", - müraciətdə qeyd edilib.