Bakı 5˚C Intermittent clouds

Komitə sədri: “Qarabağda şəhərsalmada yeni innovativ yanaşmalar tətbiq edilir”

Cəmiyyət 15:12 24 dek, 2022
Komitə sədri: “Qarabağda şəhərsalmada yeni innovativ yanaşmalar tətbiq edilir”

Azərbaycanda şəhərsalma siyasəti daim təkmilləşdirilir, aparıcı dünya təcrübəsi nəzərə alınaraq yeni innovativ yanaşmalar ilk dəfə məhz işğaldan azad olunmuş ərazilərdə tətbiq etməyə davam edir.

Qazet.az-ın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

“Belə misallardan biri kimi, bərpa olunan yaşayış məntəqələrinin küçə-yol və müvafiq mühəndis-kommunikasiya şəbəkələrinin kompleks şəkildə, vahid layihə çərçivəsində qurulması müstəqil Azərbaycan tarixində ilk dəfə Ağdam şəhərində tətbiq edilir. Bu məqsədlə hal-hazırda bir neçə layihənin paralel olaraq vahid layihədə ümumiləşdirilməklə yeni formatda işlənilməsi artıq başa çatdırılır. Belə ki, nəqliyyat və kommunikasiya sahəsində siyasəti həyata keçirən aidiyyəti dövlət qurumları ilə birlikdə son bir neçə ay ərzində intensiv işlərin nəticəsi olaraq ümumi uzunluğu 191 km olan yol-küçə şəbəkəsinin pilot layihəsinin hazırlanması yekunlaşdırılmaqdadır”, - deyə nazir bildirib.

O qeyd edib ki, ilk dəfə Ağdamda tətbiq edilmiş bu yeni layihələndirmə modelinin uğurunu nəzərə alaraq, hazırda eyni yanaşma Füzuli, Şuşa və Laçın şəhərlərinin, eləcə də Tərtər rayonunun Talış kəndinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsində də tətbiq edilməkdədir: “Həmçinin Cəbrayıl, Zəngilan və Kəlbəcər şəhərlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi üçün müvafiq hazırlıqlar görülməkdədir”.

Komitə sədri rəhbərlik etdiyi qurum tərəfindən mütəmadi olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin müasir dövrün çağırışlarına, iqlim şəraitinə və təbii proseslərə uyğunlaşdırılaraq yenilənməsi prosesinin aparıldığını diqqətə çatdırıb: “Cari ildə Komitənin sifarişi ilə hazırlanaraq qüvvəyə minmiş müxtəlif Dövlət Tikinti Normativ sənədi sırasında xüsusi olaraq “Binaların istilik mühafizəsi ilə bağlı Layihələndirmə Normaları”nı xüsusi qeyd etmək istəyirəm. Belə ki, işğaldan azad edilmiş ərazilərdə tətbiqinə başlanacaq bu normativ qaydalara riayət inşa ediləcək yeni tikililərdə daxili sahələrin isitməsi və soyudulmasına daha az enerji sərf olunacaq, nəticədə regionda enerji səmərəliliyinin artırılmasına imkan yaradacaq”.