Konfrans Liqası: "Qarabağ" Kiprdə "Omoniya"nı darmadağın edib
Fasilədən sonra təzyiqi artıran “Qarabağ” bunun bəhrəsini 52-ci dəqiqədə görüb. Sol cinahda topu qəbul edən Kadi Borges uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb.
"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qazet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı hücumlarla başlayan oyunda ən real qol vəziyyəti 22-ci dəqiqəyə təsadüf edib. Əvvəlcə Ağdam təmsilçisinin heyətində Abdullah Zubirin zərbəsini qapıçı çətinliklə dəf edib, ardınca isə Toral Bayramovun iti cinah ötürməsindən sonra “Omoniya”nın müdafiəçisi Adam Lonq az qala avtoqol müəllifi olacaqdı. Onun topa tərs toxunuşundan sonra qapı dirəyi hesabın açılmasına mane olub. Meydan sahiblərinin buna cavabı kifayət qədər təhlükəli olub. Lakin Kevin Medina son anda rəqib oyunçunun fərqlənməsinə imkan verməyib. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks standart vəziyyət zamanı topu başla qapıdan keçirib. İlk hissə “Omoniya”nın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.
Fasilədən sonra təzyiqi artıran “Qarabağ” bunun bəhrəsini 52-ci dəqiqədə görüb. Sol cinahda topu qəbul edən Kadi Borges uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Bundan sonra stadionda qalmaqal yaşanıb. Braziliyalı yarımmüdafiəçi qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman yerli azarkeşlər meydana su şüşələri atıblar. Az sonra meydanda yenidən gərginlik baş verib. Zubir özünə qarşı kobudluqdan sonra Takis Zaxariuya etirazını bildirib. O isə öz növbəsində “Qarabağ”ın futbolçusuna sərt reaksiya verib. Nəticədə referi Zaxariunu sarı vərəqə ilə cəzalandırıb. 73-cü dəqiqədə isə “köhlən atlar” 2-ci topu “Omoniya”nın qapısından keçirib. Meydana ikinci hissədə İbrahima Vadjinin yerinə daxil olan Ramil Şeydayev adını tabloya yazdırıb. Ardınca “Qarabağ”ın kapitanı Maksim Medvedev fərqlənib. Cərimə meydançasında əllə oyundan sonra təyin olunan penaltini qola çevirən müdafiəçi komandasının üstünlüyünü artırıb. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Kadi Borges qoyub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. Yeri gəlmişkən, H qrupunun digər matçında “Bazel” evdə Qazaxıstan “Kayrat”ını 4:2 hesabı ilə məğlub edib.
00:38