Könüllərin çempionu - Mərakeş
Futbol üzrə 2022-ci il Dünya Çempionatının 1/4 finalında Avropa və ya Cənubi Amerikanı təmsil etməyən yeganə komanda olan Mərakeş Qətərdə sürprizlərə davam etdi. Mərakeşin Afrika komandaları arasında ilk dəfə dünya çempionatlarının yarımfinalına çıxması tarixdə qalacaq nailiyyətdir! 4-cü yeri tutsa da, əminliklə bu komandanı könüllərin çempionu hesab etmək olar. Mərakeş millisi mundial zamanı milyonların sevgisini qazanmağı bacardı.
DÇ-2022 ərəfəsində Mərakeşdə doğulmuş, bir mundialda 13 qol vurmaqla (1958) rekordçu olan əfsanəvi Jüst Fonten haqqında yazım bir neçə ölkədə nəşr olunmuşdu. Həmin yazıda dünya çempionatında məşqçi kimi iştirak etməyin fransalıya nəsib olmadığını, Mərakeşi DÇ-1982-yə çıxara bilmədiyini də qeyd etmişdim. Fonten bacarmasa da, Valid Reqraqui Regragui ona tapşırılan işi Qətərdə uğurla yerinə yetirdi.
Mərakeş yalnız 46 il əvvəl Afrika çempionu olub, dünya çempionatlarında qrup mərhələsini bundan əvvəl yalnız bircə dəfə adlamışdı. Yaxşı yadımdadır, Fransada, 1998-ci ildə Braziliyanın Norveçə 1:2 uduzaraq Mərakeşi qrupda saxlamasına çox məyus olmuşdum.
İndi də Mərakeşdən gözləntilər böyük deyildi. Əlbəttə, “Sevilya”dan qapıçı Bono, PSJ-dən müdafiəçi Əşrəf Hakimi və “Chelsea”dən hücumçu Hakim Ziyeş kimi futbolçuları yaxşı tanıyırdıq. Amma Mərakeşin komanda şəklində uğurlu çıxışı gözlənilməz oldu.
Doğrusu, qrup oyunlarından əvvəl proqnozlarımda Mərakeşin Xorvatiya və Kanada ilə 1:1 hesablı heç-heçə edəcəyini, Belçikaya isə 0:2 hesabı ilə məğlub olacağını düşünürdüm. Yalnız Xorvatiya ilə oyunda hesab yox, heç-heçə ehtimalım düz çıxdı, Belçika ilə oyunda isə, ümumiyyətlə, 2:0 hesabı qeydə alınsa da, qələbəni Mərakeş qazandı.
Mərakeş mundialda cəsarətli və güclü rəqiblərdən çəkinməyən komanda təsiri bağışladı. Düzdür, məhsuldarlığı yüksək olmadı – 7 oyuna cəmi 6 qol. Amma vurulan qollar necə də gözəl idi. Təbii ki, onlardan ən baxımlısı və vacibi Yusif En-Nesirinin Portuqaliya ilə oyunda rekord 2,78 metr hündürlüyə tullanaraq başla fərqlənməsi oldu.
Amma digər tərəfdən, Mərakeş 4 oyunda qapısından top buraxmamaqla bu göstəricidə DÇ-2022-də lider oldu. Həmçinin qapıçı Bono İspaniya ilə penaltilər seriyasında qapısını toxunulmaz saxlayaraq DÇ-2006-da İsveçrə ilə qarşılaşmada eyni uğura imza atmış ukraynalı Aleksandr Şovkovskinin rekordunu təkrarladı.
Mərakeşli azarkeşlər də Qətər mundialına xüsusi rəng qatdılar. Oyunçuların qələbələrini ailələri ilə birlikdə qeyd etmələri necə də gözəldi. Xüsusilə Əşrəf Hakiminin anası ilə şəkilləri internetin bəzəyidir.
Yeri gəlmişkən, DÇ-2022 zamanı Mərakeşin uğurlarından ruhlanaraq, digər ölkələrin milli komandalarında oynamış/oynayan Mərakeş əsilli futbolçuların siyahısını tərtib edərək sosial şəbəkədə paylaşmışdım. Əgər həmin məşhur oyunçular da Mərakeş millisində çıxış etsə idi, bu komandanın nəticələri necə olardı?
Digər ölkələrin milli komandalarında çıxış etmiş/edən Mərakeş əsilli tanınmış 10 futbolçu
Maruan Fellaini (Belçika) - 87 oyun, 18 qol (2007-2018)
Naser Şadli (Belçika) - 66 oyun, 8 qol (2011-)
Tarik Elyunusi (Norveç) - 60 oyun, 10 qol (2008-)
İbrahim Afellay (Niderland) - 53 oyun, 7 qol (2007-2016)
Mohamed Elyunusi (Norveç) - 49 oyun, 9 qol (2014-)
Adil Rami (Fransa) - 36 oyun, 1 qol (2010-2018)
Xalid Bulahruz (Niderland) - 35 oyun (2004-2012)
Karim Bellarabi (Almaniya) - 11 oyun, 1 qol (2014-2016)
Mattyö Gündüzi (Fransa) - 7 oyun, 1 qol (2021-)
Yunes Kabul (Fransa) - 5 oyun, 1 qol (2011)
Brahim Díaz (İspaniya) - 1 oyun, 1 qol (2021-)
Rasim Mövsümzadə