Könüllülərin iştirakı ilə “Vətən var olsun!” adlı fləşmob keçirilib - VİDEO
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə İkinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan “Vətən var olsun!” şüarı altında fləşmob keçirilib.
Qazet.az xəbər verir ki, fləşmoba qatılan aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc əvvəlcə 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir yumruq” simvolunu canlandırıblar.
Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.