Bakı 3˚C Mostly cloudy

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində son 1 ildə başlanmış cinayət işlərinin sayı açıqlanıb

Cəmiyyət 10:01 01 okt, 2022
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində son 1 ildə başlanmış cinayət işlərinin sayı açıqlanıb

“Ötən bir il ərzində baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 291 şəxs barəsində 202 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmçinin 34 əməliyyat tədbiri ilə 36 şəxs cinayət başında yaxalanmış, 13 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 177 cinayət işi başlanmışdır”.

Qazet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

Bu müddətdə 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən 116-sı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, nəticədə 83 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib:

“Xüsusi qeyd edilməlidir ki, korrupsiyaya qarşı daha effektiv mübarizənin təşkili istiqamətində müvafiq dövlət orqanları ilə qurulmuş səmərəli və işgüzar əməkdaşlıq əlaqələri intensivləşmişdir.

Belə ki, qeyd edilən dövrdə Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 18, Ədliyyə Nazirliyindən 12, Maliyyə Nazirliyindən 11 və Mədəniyyət Nazirliyindən daxil olmuş 6 material, eləcə də digər 262 cinayət xarakterli məlumat və müraciət əsasında araşdırma aparılmaqla ümumilikdə, 309 cinayət işi başlanmışdır”.

1 oktyabr 2021-ci ildən bu günədək birinci instansiya məhkəmələrində 15 932 şəxs barəsində 13 903 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılaraq yekun qərarlar qəbul edilib, hökm və qərarlardan 1 081 apellyasiya protesti verilib, onlardan 594-ü təmin edilib. Eyni zamanda apellyasiya instansiyası məhkəmələrinin qərar və hökmlərindən isə 615 kassasiya protesti verilib ki, həmin protestlərin 162-si təmin olunub.