Kosmik teleskop Neptun halqalarının ən aydın təsvirini çəkib – FOTO
Ceyms Uebb Orbital Rəsədxanası Günəşdən ən uzaqda yerləşən qaz nəhəngi Neptunu əhatə edən qaz və toz halqalarının indiyədək olan ən aydın görüntülərini, həmçinin onun peyklərinin bir qisminin fotoşəkillərini əldə edib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyindən (ESA) bildirilib ki, təsvirlər elm adamlarına Neptunun halqalarının və peyklərinin yaranma tarixini öyrənməyə kömək edəcək.
Qeyd olunub ki, böyük toz və qaz halqaları təkcə Günəş sisteminin ikinci ən böyük planeti olan Saturnu deyil, həm də Neptun da daxil olmaqla bir çox digər qaz nəhənglərini də əhatə edir.
Həmçinin, Ceyms Uebb Neptunun 14 peykindən yeddisini, o cümlədən ən böyük peyki Tritonun da şəklini çəkib. Bu kiçik göy cisminin mənşəyi alimlər arasında çoxdan mübahisəlidir. Elm adamları ümid edirlər ki, Neptunun Ceyms Uebbin köməyi ilə sonrakı tədqiqi bu suala cavab verəcək.