Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb
V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş noyabrın 26-da Soçidə baş tutacaq. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.
Qazet.az xəbər verir ki, bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.
Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.