KTMT təlimləri üçün yeni ölkə nəzərdən keçirilir
Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Birləşmiş Qərargahına ittifaqın "Sarsılmaz Qardaşlıq-2023" hərbi təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığı barədə məlumat təqdim edib.
Qazet.az xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.
O qeyd edib ki, KTMT təlimin digər ölkələrdəkeçirilməsi imkanlarını araşdırır.
“KTMT-nin Birgə Qərargahı hazırda təşkilatın digər üzv dövlətlərinin ərazisində təlimin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır və 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komanda və nəzarət orqanlarının, qüvvə və vasitələrinin birgə təlimi Planını dəqiqləşdirir", - Şeqrikoviç bildirib.
Yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimləri keçiriləcəyini açıqlayıb . Bu gün, yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə ərazisində təlimin keçirilməsi məqsədəuyğun hesab edilməyib.