Kuleba Blinkenlə Rusiyanın “raket terroru”nu müzakirə edib
Ukrayna xarici işlər naziri Dmitro Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna xarici siyasət idarəsinin rəhbəri tviterdə bildirib.
“Entoni Blinkenlə Rusiyanın raket terroru – onun miqyası, məqsədləri və fəsadları haqqında ətraflı telefon danışığımız olub. Vurğuladım ki, Polşada baş verənlərə reaksiya sərt və prinsipial olmalıdır. ABŞ-ın “G7” və Aİ ilə birlikdə enerji sistemimizi bərpa etmək səylərini ikiqat artıracağını təsdiqlədiyinə görə minnətdarıq”, - XİN başçısı qeyd edib.
Eyni zamanda, ABŞ dövlət katibi tviterdə polşalı həmkarı Zbiqnev Rau ilə də telefonla danışdığını yazıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.
İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.