Laçın dəhlizi aktuallığı artır - Yol hərbçilərimizin nəzarətinə keçəcək
Bu gün orada sülhməramlılar fəaliyyət göstərsələr də, Laçın dəhlizində baş verən bütün proseslərə Azərbaycan yerdə və havadan nəzarət edir
"Fransada prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə qeyri-qanuni səfəri hüquqi zəmində öz həllini tapmalıdır və bu xüsusda Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxslər siyahısına daxil edib".
Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bu gün orada sülhməramlılar fəaliyyət göstərsələr də, Laçın dəhlizində baş verən bütün proseslərə Azərbaycan yerdə və havadan nəzarət edir:
"Azərbaycan ərazisinə bu cür təxribat xarakterli səfərlərin qarşısını almaq məqsədilə Laçın dəhlizinə tamamilə nəzarəti Azərbaycan tərəfi ələ keçirməlidir. Azərbaycanın əsas istəyi sərhədlərin delimitasiya prosesinə başlamaqdır və bu istiqamətdə Avropa İttifaqı, eləcə də Rusiya konsultativ yardım göstərməyə hazırdır. Bu, həm 26 noyabr Soçi görüşü, eləcə də dekabrın 14-də Avropa İttifaqının prezidenti Şarl Mişellə keçirilmiş görüşlərin nəticəsində əldə olunmuş razılıqlardan da görünür ki, həm Aİ, həm şimal qonşumuz Rusiya delimitasiya prosesinə müsbət yanaşır və bu prosesdə məsləhətçi statusu qismində yardım göstərməyə də razılığını ifadə edib.
Delimitasiya prosesinin kontekstində Laçın dəhlizinin gələcəyinə də aydınlıq gəitirilməsi planlaşdırılır. Lakin davamlı olaraq Ermənistan tərəfi Azərbaycan ərazisinə qeyri-qanuni səfərlərin təşkil olunmasında maraqlı kimi çıxış edir. Bu isə həm rəsmi Bakını narahat edən məqamdır, eyni zamanda, Laçın dəhlizinin nəzarətə götürülməsi ehtimallarını da artırır.
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bildirdi ki, "Əgər biz bilsəydik ki, Pekres Azərbaycan ərazisinə səfər edir və təxribat xarakterli bu cür addımlar atır, o zaman onun Azərbaycan ərazisindən getməsinin qarşısı da alınardı". Maraqlıdır ki, Laçın dəhlizində avtomobillərə səthi baxış həyata keçirilir və gələnlər demək olar ki yoxlanılmır. Yalnız Laçın dəhlizini tərk edən avtomobillərin qarşısı kəsilir, onlar şiddətli yoxlanışa cəlb olunur, sorğu-sual edilir. Lakin bunun da məqsədi bəllidir. Sülhməramlıların əsas məqsədi bundan ibarətdir ki, məsuliyyətləri zonasında olan insanlar daha çox olsun və onlar bu ərazini tərk etməsinlər.
Azərbaycan hərbiçilərinin Laçın dəhlizinə cəlb olunması, sərhədçilərimizin gömrük postlarının burada fəaliyyət göstərməsi də önəmli prioritetdir. Düşünürəm ki, əgər bu cür təxribat xarakterli səfərlərin ardı-arası kəsilməyəcəksə, onda rəsmi Bakı sərt addımlar atacaq və Rusiya sülhməramlılarının komandanlığı ilə, rəsmi Kremllə aparılmış danışıqların nəticəsi kimi Azərbaycan hərbi qulluqçuları da Laçın dəhlizinə yerləşdirilə bilərlər və bununla da təxribat xarakterli səfərlərin qarşısı alınar, regionda təhlükəsizlik mühiti daha da güclənər.
Eyni zamanda nəzərə almaq lazımdır ki, bölgədə sülhü və təhlükəsizliyi Rusiya tərəfi də istəyir və bu cür təxribat xarakterli səfərlərin qarşısının alınması eskalasiya risklərini sıfıra endirir, həm də terrorçu ünsürlərin də regiona cəlb olunmasının qarşısını alır. Azərbaycan tərəfi sülhün yanındadır və təhlükəsizliyin möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir. Bölgədə uzun müddətli sabitliyin qorunması istiqamətində Azərbaycan 2021-ci ildə çoxsaylı çıxışlar edib. Buna görə də Laçın dəhlizini nəzarətə götürmək həm də Azərbaycanın marağındadır, Laçın dəhlizi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün orada sülhməramlılar fəaliyyət göstərsələr də Laçın dəhlizində baş verən bütün proseslərə Azərbaycan yerdə və havadan nəzarət edir, Azərbaycanın kosmik dövlət olması bu imkanları daha da genişləndirir. Laçın dəhlizi boyunca baş verən proseslərə nəzarət imkanımız bunu deməyə əsas verir ki, gələcəkdə Azərbaycan hərbçiləri də burada yerləşdiriləcək. Bu proses düşünürəm ki, 2022-ci ildə öz həllini tapmalıdır. Çünki Azərbaycanın irəli sürdüyü önəmli tezis bundan ibarətdir ki, Zəngəzur dəhlizinə necə yanaşma olacaqsa, Laçın dəhlizinə yanaşma da adekvat olmalıdır.
Dəhlizlərin fəaliyyət göstərməsi yalnız iqtisadi prioritetlərin daha da dərinləşməsinə xidmət edəcək və bölgə xalqlarının inkişafına önəmli stimul kimi öz töhfəsini verəcək. Ona görə də Zəngəzur dəhlizinə yanaşmada hansı hüquqi rejim tətbiq olunacaqsa, Laçın dəhlizində də eyni hüquqi rejim tətbiq olunmalıdır. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizində hər hansı postların karqoların, sərnişinlərin, avtomobillərin yoxlanışlarına cəlb olunması prosesinə cəlb ediləcəksə, Laçın dəhlizində də bu olacaqdır. Əgər burada terrorçu ünsürlərin cəlb olunması hər hansısa təbliğat vasitəsilə səfərlərin təşkil olunması və s. addımlar atılacaqsa, o zaman qeyd-şərtsiz Laçın dəhlizində Azərbaycan hərbçiləri yerləşdiriləcəkdir".