Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub
İdman
23:35 16 dek, 2022
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.
Qazet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.
İlk vaxtlarda fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.
Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın "TSelye" klubu olacaq. Yanvarın 17-dəki sparrinq-rəqib isə hələlik bəlli deyil.