Bakı -2˚C Showers

Mahir Emreli və digərləri

Gündəm 19:36 22 noy, 2021

Hadisələr öz seyrini Mahir Emrelinin bir gün ayağa qalxıb Polşa “Legiya”sına yollanmağı ilə dəyişdi

Mahir Emreli və digərləri

Azərbaycan futbolunun ölkə xaricinə göndərdiyi yerli futbolçu sayı olduqca aşağıdır. Hələ 2000-ci illərin ortalarında bu rəqəm ümumiyyətlə bir əlin barmaqlarının sayını keçmirdi. Şübhəsiz ki, bu da milli futbolunun səviyyəsinə təsir edən faktordur. Hazırda isə azərbaycanlı futbolçulardan xarici çempionatlarda çıxış edənlərin sayı müsbət mənada yaxşıdır. Ancaq burada sual yaranır, onlar hansı səviyyəyə mənsub liqalarda çıxış edir?

Nümunə üçün deyək ki, Rüstəm Əhmədzadə millimizə çağırılanda artıq Ukraynada forma geyinirdi və demək olar ki, Azərbaycanı hələ tam görməmişdi. “Dinamo Moskva”da oyunu alınmayan Ramil Şeydayev isə Sloveniya ilə birlikdə Avropada çıxış etmiş sayılsa da kariyerası təlatüm yaşayanda Azərbaycana dönənlərdəndir. Emin Mahmudov və Kamran Ağayevlə bağlı baş verənləri isə artıq hamımız yaxşı bilirik. Anatoli Nuriyev də həmçinin Rüstəm Əhmədzadə kimi soyadı ilə azərbaycanlı sayıla biləcək nümunədir. Dadaşov qardaşlar isə biri ABŞ-da digəri isə Portuqaliyada forma geyinsə də azərbaycanlı olmaqdan çox-çox uzaqdırlar. Bu da ruhən millinin köklərinə bağlılıqda, stimul mənasında əksikliklər yaranmasına səbəb yaradır. Rüfət Dadaşov hələ “Kayzerslautern” forması geyinəndə də hər kəs onun millidə Rauf Əliyev səviyyəsində belə çıxış etmədiyini rahatlıqla sezə bilərdi. Nümunələri genişləndirsək, qarşımıza bir çox adlar çıxacaq. Dmitri Nazarov bəlkə də soyadı azərbaycanlı olub özü olmayan amma millidə ortalama olaraq yaxşı çıxış etmiş yeganə örnəkdir. 

Qısaca desək, hazırda Türkiyə ikinci liqasında çıxış edən, Namiq Ələsgərov və Vüsal İsgəndərli, Ukraynada forma geyinən Rüstəm Əhmədzadə və Anatoli Nuriyev, müqaviləyə əsasən “Vulverhempton"a məxsus olan Renat Dadaşov kimi nümunələr Azərbaycan ictimaiyyətini o qədər də həyəcanlandıran, gələcəyə ümidləndirən adlar deyil. Onların performansları da stabil xarakter daşımır. Ancaq hadisələr öz seyrini Mahir Emrelinin bir gün ayağa qalxıb Polşa “Legiya”sına yollanmağı ilə dəyişdi.

Emreli Polşada öz ingiliscəsi ilə və hazırlıq matçlarında vurduğu qollarla bütün Azərbaycan futbolsevərlərini həyəcanlandırmağı bacarmışdı. Mahir təkcə hazırlıq oyunları ilə deyil, Avrokubok seçmələrində də komandasını tək başına qrup mərhələsinə çıxarmağı ilə dünya futbol mediasına da öz adını yazdırdı. 

Tvitter şəbəkəsində onun “Slavia Praqa” ilə oyunda vurduğu qollar xüsusi müzakirə mövzusu oldu. Ən son isə Avro Liqa qruplarındakı ən nəhəng klublardan olan keçmiş İngiltərə çempionu “Lester Siti” və İtaliya böyüklərindən “Napoli”nin qapısına yol tapması Mahir Emrelinin diqqət çəkməsinə səbəb oldu. 

Ancaq nə oldusa elə o Avro Kubok oyunlarının hələ seçmə mərhələsindən sonra oldu. Klub hazırda Polşa "Ekstraklasa"sında (Polşa çempionatı) 17-ci yeri tutub. Avrokuboklarda nisbətən uğurlu olan Varşava təmsilçiləri heç cürə öz çempionatlarında uğur qazana bilmir. Bu hal hələ də davam etməkdədir, dünən də Mahir və komandası meydandan məğlub ayrıldı. Uğursuzluğa düçar olan “Legiya”nın oyunu alınmırsa burada tək şəxs olan və xüsusilə də hücumda çıxış edən Mahirin günahı varmı? Mahir Emreli bəlkə də günah sahibi olmasa da klubun bu çıxışı ona da təsir edir. Polşanın flaqmanı olan komandanın hazırki vəziyyəti şübhəsiz ki, hər oyunçusuna olduğu kimi Mahirə də təsir edib.

Lakin tarix və faktlar göstərir ki, klublar hətta aşağı liqaya da düşsə fərqlənən futbolçuları qat-qat yüksək liqalara keçid edə bilir. Burda ümid ediləcək tək məsələ Mahirin klubun bu vəziyyətinin ona təsirindən qaçması olardı. 

Nəticə etibarı ilə o hazırda ölkəmizin Avropanın nəhəng futbol dünyasının həndəvərindəki yeganə oyunçusudur. 

Toksik baş məşqçiliyi ilə seçilən və mediada birmənalı olmayan açıqlamaları verməkdən çəkinməyən Çeslav Mixneviçin gedişi də Mahirdə bir o qədər ruh yüksəkliyi və pozitivlik yarada bilməyib. Biz onun oyununda da bunun şahidi ola bilərik. 

Azərbaycan futbolundan isə hələ ki, xarici çempionatda ikinci bu qədər ümidverici futbolçu çıxmayıb. Bu baxımdan Mahir hələ bir müddət də inamları özündə saxlayacaq. Sual isə bundan ibarətdir ki, nə vaxta qədər? 

Görünən mənzərəyə bələdçi lazım deyil. Legiyada baş verənlərin həmyerlimizlə bir aidiyyatı yoxdur. “Legiya”nın ümumilikdə bu il işləri yolunda getmir. 

Paşa Bayramov