Malayziyada daşqınlar insan tələfatına səbəb olub
Məlumatına əsasən, ölkə daxilində 60 mindən çox daşqın qurbanı ərazidən təxliyə edilib

Şənbə günündən başlayan dağıdıcı və ölümcül daşqınlar Malayziyanın böyük hissəsini əhatə edib.
Qazet. az xəbər verir ki, ölkədə bu gün də davam edən daşqınlar ən azı 14 nəfərin ölümünə və 60 mindən çox insanın evsiz qalmasına səbəb olub.
Malayziyanın rəsmi xəbər agentliyi “Bərnama”nın məlumatına görə, Malayziyanın qərbində, paytaxt Kuala-Lumpurun da yerləşdiyi Selanqor əyalətində 8, Pahang əyalətində isə 6 cəsəd tapılıb, daha 4 nəfər hələ də itkin hesab olunur.
Hesabata görə, hava şəraitinin yaxşılaşmasına baxmayaraq, daşqınlardan zərər çəkmiş əksər ştatlarda şənbə günündən bəri daşqınlar aramsız olaraq davam edir.
Malayziyanın Milli fəlakətlərin idarə olunması agentliyinin məlumatına əsasən, ölkə daxilində 60 mindən çox daşqın qurbanı ərazidən təxliyə edilib.
Malayziyanın baş naziri İsmayıl Səbri Yaqub açıqlamasında bildirib ki, "Daşqın qurbanlarına yardım və insanların təxliyəsi üçün səylər artırılıb. Hökumət daşqınlardan zədələnmiş evlərin və infrastrukturun bərpası üçün 23,7 milyon dollar pul ayırıb”.
Qeyd edək ki, Malayziya 2014-cü ildə son onilliklərin ən böyük daşqını yaşayıb və 118 min malayziyalı evlərini tərk edib.