Bakı 19˚C Sunny

Maliyyə Nazirliyi Azərbaycanın BSTDB-nin əlavə kapitallaşmasında iştirakla bağlı mövqeyini açıqlayıb

Biznes 13:43 08 okt, 2021

Azərbaycana bankın əlavə kapitallaşmasında iştirak etmək təklif olunub

Maliyyə Nazirliyi Azərbaycanın BSTDB-nin əlavə kapitallaşmasında iştirakla bağlı mövqeyini açıqlayıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) tərəfindən Azərbaycana bankın əlavə kapitallaşmasında iştirak etmək təklif olunub.

Bu barədə medianın sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1 oktyabr 2021-ci il tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının növbədənkənar toplantısında Bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Qərar səs çoxluğu, xüsusilə də Bankın ən iri səhmdarları olan Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul olunub. Səsvermə zamanı bəzi daha az səhmə və müvafiq olaraq səsə malik səhmdarlar (o cümlədən, Azərbaycan) bitərəf qalıb.

Qəbul edilmiş qərara əsasən Bankın abunə kapitalı 816 milyon avro artırılaraq, 2,3 milyard avrodan 3,1 milyard avroya qaldırılır və hər bir üzv ölkəyə Qara Dəniz Ticarət və İnkişaf Bankının kapital artımında iştirakı onun bu gün Bankın kapitalında mövcud payının xüsusi çəkisinə mütənasib şəkildə həyata keçirilməsi təklif edilir. Bu artımın ödənilən hissəsi 245 milyon avro təşkil edir. Ödəniş üzv ölkələr tərəfindən 8 il ərzində (2023-2030-cu illər) bərabər hissələrlə həyata keçirilməlidir. Bankın yeni səhmlərinə abunə yazılışı ilə bağlı hər bir üzv ölkə 12 ay ərzində Banka qərarını bildirməlidir.