“Mançester Yunayted”dən qələbə, “Mançester Siti” çempionluq yolunda büdrədi – YENİLƏNİB + VİDEO
İngiltərə Premyer Liqasının XVIII turunda daha 4 qarşılaşma keçirilib.
Qazet.az xəbər verir ki, “Bornmut”a qonaq olan “Kristal Pelas” 2:0 hesablı qələbə qazanıb.
“Fulhem” öz meydanında “Sauthempton”a qalib gəlib – 2:1.
***
İngiltərə Premyer Liqasının (İPL) XVIII turunda daha bir oyun keçirilib.
Qazet.az xəbər verir ki, mövsümün qeyri-stabil çıxış edən komandalarından biri olan “Mançester Yunayted” ausayderlər cərgəsində qərarlaşmış “Vulverhempton”un qonağı olub.
Görüş “qırmızı şeytan”ların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu qarşılaşmanın 76-cı dəqiqəsində Markus Reşford vurub. İngilis hücumçunun 84-cü dəqiqədə rəqib qapısından keçirdiyi daha bir top isə əllə oyun səbəbindən hesaba alınmayıb.
Bu qələbə ilə xallarının sayını 32-ə yüksəldən “manukunian”lar 4-cü pillədə qərarlaşıb. “Vulverhempton” isə 13 xalla 18-ci yerdə qalıb.
“Nyukasl” isə “Lids”lə qolsuz bərabərliyə razılaşıb – 0:0.
Günün əsas hadisəsi isə Mançesterdə baş verib. “Mançester Siti” “Everton”u qonaq etdiyi matçda 1 xala qane olub. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda sülhə “imza atıblar”.
Bu nəticə ilə “Arsenal”la girdiyi amansız çempionluq yarışında ciddi zərbə alan “şəhərlilər” “topçular”dan 4 xal geri düşüb. Hazırda “Arsenal”ın 15 oyundan sonra 40, “Mançester Siti”nin isə 16 oyundan 36 xalı var.
Londonluların ehtiyatda bir oyununu olduğunu nəzərə alsaq, fərqin böyüyəcəyi istisna deyil.