Bakı 16˚C Partly sunny

“Masallı” yarımstansiyası yenidən qurulur

Biznes 12:15 25 noy, 2022
“Masallı” yarımstansiyası yenidən qurulur

Cənub bölgəsi üçün xüsusi önəm daşıyan sistem əhəmiyyətli 110/35/6 kilovoltluq “Masallı” yarımstansiyası “AzərEnerji” ASC tərəfindən sökülərək tam yenidən qurulur.

Bu barədə Qazet.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu yarımstansiya 42 il əvvəl tikildiyindən istismar müddətini dəfələrlə keçib, ona görə də artan tələbatı qarşılamaq funksiyasını yerinə yetirə bilməyir.

Məlumatda deyilir ki, bununla yanaşı yüksəkgərginlikli 110 kilovoltluq 4-cü və 5-ci “Masallı” hava xətləri əsaslı şəkildə təmir edilir.

Qeyd edək ki, Masallı, Yardımlı, qismən Lerik və Cəlilabad rayonlarındakı bir çox yerləri elektrik enerjisi ilə təmin edən “Masallı” yarımstansiyasında illərlə yağış və qar altında qalan 35 və 10 kilovoltluq açıq paylayıcı qurğular qapalı şəkildə yenidən formalaşdırılır. Bunun üçün yeni rəqəmsal idarəetmə mərkəzi tikilir.

Regionun perspektiv inkişafı ilə əlaqədar 110 kilovoltluq şəbəkənin genişləndirilməsi məqsədilə yarımstansiyanın 110 kilovoltluq Açıq Paylayıcı Qurğusu yenidən qurulmaqla yanaşı genişləndirilir və əlavə 2 ədəd ehtiyat çıxış yuvası yaradılır.

"Yarımstansiyanın dördüncü sənaye inqilabına uyğun, müasir tələblərə cavab verən şəkildə yenidən qurulması ilə qəzaların qarşısının alınmasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, avtomatik idarəetməyə və şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaq", - məlumatda deyilir.