Bakı 28˚C Sunny

Maşın almaq istəyənlər üçün MÜHÜM XƏBƏR: aprelə qədər... - FOTO

Biznes 18:16 31 yan, 2022

Qiymətlərə gəldikdə isə hər büdcəyə uyğun maşın tapmaq olar

Maşın almaq istəyənlər üçün MÜHÜM XƏBƏR: aprelə qədər... - FOTO

Son dövrlər dünyada baş verən iqtisadi böhran bir çox sahədən yan keçməyib. Koronavirus pandemiyasının fəsadlarından biri kimi dəyərləndirilən bu vəziyyət əvvəlcədən proqnozlaşdırılan idi. 

Bəs, maşın bazarında vəziyyət nə yerdədir? Böhran bu sahəyə də təsir edibmi? Vəziyyəti yerindəcə öyrənmək üçün Badamdarda yerləşən maşın bazarına üz tutduq və maşın bazarında olduğumuz zaman bazarda çoxsaylı avtomobil və satıcının olduğunu müşahidə etdik. Lakin düzünü desək bazarda alıcı demək olar ki, gözə dəymirdi. Yəni, bazarda alan yox, satan çox prinsipi hökm sürürdü. Satışda daha çox “Hyundai”, “Kia”, “Toyota” markalı maşınlar satışa çıxarılıb. Qiymətlərə gəldikdə isə hər büdcəyə uyğun maşın tapmaq olar. 

Qazet.az maşın bazarından hazırladığı reportajı təqdim edir:

Söhbət etdiyimiz alıcılar bildirdilər ki, bazardakı vəziyyət ürəkaçan deyil. Öz avtomobilini satışa çıxaran İlkin Zülfüqarov adlı şəxs deyir ki, avtomobilini dəyərindən aşağı qiymətə satışa çıxarsa da, alan yoxdur. Bunun səbəbini bazarda həddən çox maşının olması, alıcılıq qabiliyyətinin isə aşağı olması ilə əlaqələndirir. 

Hazırda bazarda ili yeni və ya köhnə bir çox maşın tapmaq mümkündür. Bazarda üstünlük qiymətinə görə nibətən daha münasib “Nissan Tiida”, “Mercedes-Benz B-Class”, “Opel Astra” markalı maşınlara verilir. Bu maşınların qiyməti ilinə, maşının ümumi vəziyyətinə görə 10-15 min manat civarında dəyişir. Qiyməti təxminən 7-8 min manat civarında dəyişən Rusiya markalı maşınlara da rəğbət dəyişməz olaraq qalır. Hibrid maşınlar isə 3 il müddətinə aksiz vergisindən (ƏDV) azad olunub. Lakin bazarda bu tip maşınlara rast gəlmədik. Satıcılar bunun səbəbini isə xaricdə də bu maşınların baha qiymətə satılması ilə əlaqələndirirlər. 

Satıcılar da bildirdilər ki, hazırda insanlar daha çox saytlardan maşın almağa üstünlük verirlər. Yəni, onlayn bazarda maşın satmaq daha rahatdır. Lakin burada da bir sıra problemlər gözə dəyir. Belə ki, şəkildə əla vəziyyətdə olan maşının əslində realda göstərildiyi kimi olmadığını görən müştərinin gözü qorxur və yenidən bazara üz tutur. 

Bazarda diqqətimizi çəkən əsas məqamlardan biri də burada Amerikadan gətirilən maşınların çoxluq təşkil etməsi idi. Hətta deyərdim ki, 90 faiz təşkil edir. Bunun səbəbi isə oradan gətirilən maşınların qiymətinin aşağı olması ilə əlaqədardır. Bu zaman sual olunur, niyə? Çünki əgər maşın ucuza satılırsa, deməli görünən və ya görünməyən poblemləri var. Düzü həmin maşınlarla əlaqədar bir çox şaiyələr mövcuddur. Maşınların ölkəyə gətirilən zamankı vəziyyəti, xaricdə həmin maşınların hansı məqsədlər üçün istifadə olunması və s. kimi məsələlərdə xoşagəlməz hallar mövcuddur. Bütün bunları nəzərə alanda necə deyərlər sırf bir neçə min manat daha ucuz olacaq deyə insan o cür maşına niyə pul versin? Sonradan öyrənirik ki, bu cür maşınları daha çox taksi şirkətləri alır. 

Digər tərəfdən, daha bir narahatedici və ən əsası, təhlükəli məsələni də yerindəcə öyrənirik. Belə ki, alıcılar sırf yenə də qiyməti ucuz olduğu üçün sükanı dəyişdirilmiş maşınları almaqda problem görmürlər. Hətta, sırf bu cür maşınlar axtaran alıcıların olduğunu eşitdikdə isə təəccübümüzü gizlədə bilmədik. Axı, bu çox təhlükəlidir. Mütəxəssislər də hər zaman bu məsələdə alıcıları diqqətli olmağa çağırır. Çünki bu maşınların nə gedişi, nə kondisioner, nə də soba sistemi düzgün işləmir. Avtomobilin hərəkəti zamanı anidən qapılar bağlana, yanğın baş verə bilər və bu cür halların da yaşandığı məlumdur. Bu isə başa verə biləcək hadisələrdən yalnız biridir. Bu cür avtomobilləri də yenə təəssüf ki, daha çox taksi şirkətləri tərəfindən alındığını öyrənirik. Maşınların sükanının dəyişdirilməsi bir çox ölkələrdə qadağan edilib və bizim bazardakı mənzərəni nəzərə alsaq, görünür bizim üçün də bu zəruri şərtlərdəndir. Çünki heç bir şey insan həyatından daha önəmli deyil. 

Maşın bazarındakı durğunluq və gözlənilən qiymət artımı ilə əlaqədar bizimlə fikrini bölüşən ekspert Elməddin Muradlı qeyd edir ki, yanvarın 1-dən etibarən bəzi avtomobillər üzrə, eyni zamanda mühərrikin həcmi böyük olan avtomobillərdə aksiz vergisi 50 faizədək artırılıb: “Bu bir növ dünya təcrübəsinə əsasən atılan addımdır, çünki artıq inkişaf etmiş bir çox ölkələr irimühərrikli avtomobillərdən imtina edir, kiçik mühərrikli avtomobillərə üstünlük verirlər. Bunda məqsəd ətraf mühitin qorunması, ekoloji problemlərin azaldılması istiqamətində addımlar atmaqdır. Bu BMT, ÜST kimi beynəlxalq təşkilatların bütün dünya ölkələrinə çağırışıdır. Azərbaycan da artıq avtomobillərin ətraf mühiti çirkləndirməsi ilə bağlı araşdırmalar aparır və nəticədə müəyyən addımlar atır. Bu addımların fonunda avtomobillərin qiymətlərində artım baş verir. Təbii ki, yerli avtomobil ticarəti ilə məşğul olan şəxslər də vəziyyəti başa düşür və təhlil edirlər ki, qiymət artımı həm də fərdi qaydada maşın alıb-satanlara da təsir göstərir. O baxımdan ki, qiymətlərin necə tənzimləncəyini müəyyənləşdirmək üçün öz maşınını satmaq istəyənlər belə bu gün bazara çıxmırlar.  Gözləyirlər ki, bazarda aydınlıq, şəffaflıq yaransın. Məsələn, 2 ay öncə 30 min manata satılan maşını bu gün 35 min manata satmaq belə tərəddüdlü məsələdir. Ona görə də hər kəs gözləyir”. 

Ekspertin fikrincə, bu proses mart, aprel ayına qədər davam edə bilər: “Çünki tərəddüd içində olan insanlar çoxdur. Bu zaman da dizel mühərrikli avtomobillərdə qiymət artımı kəskin şəkildə hiss olunacaq. Çünki dizel mühərrikli avtomobillərin ölkəyə gətirilməsinə görə aksiz vergisi demək olar ki, 50 faizədək artırılıb. Hazırda maşın bazarında keçən il mütəmadi şəkildə Azərbaycana danışan maşınlardır. Onu ölkəyə gətirən sahibkar artıq bilir ki, bu avtomobilin üzərinə 2 qat qiymət qoyaraq satır. Doğrusu, istənilən sahədə durğunluq yaşanır. İnsanlar əlindəki pulu xərcləyib sonra pis vəziyyətə düşmək və aldanmaq istəmirlər. Mən alıcılara tövsiyyə edərdim ki, mümkün qədər çalışıb hibrid avtomobillər alsınlar. Çünki gələcək həmin avtomobillərin üzərində qurulur. Fikrimcə, bazardakı bu durğunluğun səbəbi həm də hibrid avtomobillərlə bağlıdır. Son 3 ilin istehsalı olan hibrid avtomobillərin qiymətində ən azı 10 min manat ucuzlaşma olacaq. Bu da təbii ki, böyük məbləğdir və gözləməyə dəyər”.

Foto: Ceyhun Rəhimov