Bakı 19˚C Sunny

Məcburi köçkünlərə hüquqi yardım göstərilib

Cəmiyyət 17:55 25 okt, 2022
Məcburi köçkünlərə hüquqi yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Vəkillər Kollegiyası ilə birgə Bakının Qaradağ rayonundakı "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım aksiyası təşkil edib.

Bu barədə Qazet.az-a Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Bakı şəhər 33 saylı Vəkil Bürosunun rəhbəri Elxan Süleymanlı və “Mirzəyev və portnyorları” Vəkil Bürosunun rəhbəri Səyyad Mirzəyev çıxış edərək, ölkədə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər.

Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən, bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına töhfə verirlər.

Tədbirdə iştirak edən məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 40 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikanın digər ərazilərində də təşkil olunacaq.