Mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilir
Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilir.
Qazet.az xəbər verir ki, Anım Günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə "Zəfər yolu" tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də nümayiş olunacaq. Həmçinin bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşası təqdim ediləcək. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlə yanaşı, eyni zamanda, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalanları tanımaq və anmaq məqsədilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir keçiriləcək.
Səməd Vurğunun ev-muzeyində də keçirilməsi nəzərdə tutulan "44 günlük Vətən müharibəsi..." adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi bu sıralamaya aid edilir. Abdulla Şaiqin mənzil-muzeyində anım günü ilə bağlı "Zəfərə aparan yol" adlı tədbir və Nəriman Nərimanovun xatirə muzeyində "44 günlük zəfər tariximiz" adlı sərgi, eləcə də “Açıq qapı” təşkil olunacaq.