Mədəniyyət paytaxtı necə olmalıdır? - Şuşa ustad memarın gözlərində
"İldə bir dəfə Şuşada festival keçirməklə ona mədəniyyət paytaxtı özəlliyi vermək olmur”
“Bütün hər bir şey toplu olduqda bu ancaq mədəniyyət paytaxtı ola bilər. Bu sadəcə musiqilə olan deyil, yaxud ildə bir dəfə Şuşada festival keçirməklə ona mədəniyyət paytaxtı özəlliyi vermək olmur”.
Bu sözləri Azərbaycanın ustad memarı Fəxrəddin Miralay Qazet.az-a eksklüziv müsahibəsində söyləyib.
“Mən Şuşanı mədəniyyət paytaxtı belə təsəvvür edirəm. Bakıda iki dənə konservatoriya var. Biri klassik avropa üslubunda, biri də milli üslubda olandır. İlk olaraq Milli konservatoriyanı aparardım ora, ikincisi konservatoriyanı təmin edə bilmək üçün bir dənə də musiqi məktəbi yaradardım. Onun arxasınca filarmoniya. Bu hökmən lazımdır. Çünki Azərbaycanda iki filarmoniya var və onlardan biri Bakıda, biri də Gəncədədir. Şuşada isə filarmoniya mütləq olmalıdır. Opera teatrı olmalıdır, demirəm böyük, nəhəng olsun. Bax belə bir addımla artıq mədəniyyət paytaxtını formalaşdırmaq olar”, deyə memar bildirib.
Onun sözlərinə görə mədəniyyət tək musiqi ilə bitmir: "Ona görə də Şuşada olan tarixi gedişatların hamısını əməli şəkildə, yenidən həyata keçirmək lazımdır. Mən sizə Yazıçılar İttifaqının bir şöbəsinin orada açılmasından söhbət etmirəm. Sonra Azərbaycanın ən güclü “Şəbəkə sənəti” ustaları şuşalılardır. Hamı elə bilir şəkililərdir, amma şuşalılar kimi şəbəkə düzəldən hələ doğulmayıb. Onlara emalatxanalar yaradıb, mən bütün şəhəri şəbəkəyə çevirərdim.
Mədəniyyət külli şəkildə mədəniyyətdir. Mətbəxilə, musiqisilə, ədəbiyyatıyla, tarixilə və sair. Əgər bu gün sən onun mətbəxini, musiqisini, ədəbiyyatını, tarixini toplayıb bir yerdə təqdim edə bilirsənsə, bu mədəniyyət olur. Bütün hər bir şey toplu olduqda bu ancaq mədəniyyət paytaxtı ola bilər. Bu sadəcə musiqilə olan deyil, yaxud ildə bir dəfə Şuşada festival keçirməklə ona mədəniyyət paytaxtı özəlliyi vermək olmur".