“Media sahəsində dərin inteqrasiya prosesləri baş verir”
“Türk Dövlətləri Təşkilatı çətiri altında, bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya prosesləri baş verir”.
Qazet.az mediaya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.
O bildirib ki, ölkələrimizin müvafiq strukturları, media qurumları və təşkilatları arasında onlarla memorandum imzalanıb, çoxsaylı müxtəlif konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub və olunmaqdadır:
“Türk Dövlətlərinin Audiovizual Media Tənzimləyicilərinin Forumunun yaradılması ideyası yeni deyil. İlk dəfə bu ideya 2017-ci ildə Van şəhərində keçirilən görüşdə qardaş Türkiyənin tənzimləyici qurumu olan RTÜK tərəfindən irəli sürülüb. Lakin regionda baş verən proseslər, habelə 2020-ci ildən dünyanı cənginə alan pandemiya bu məsələnin dərinləşməsi və inkişafı prosesini ləngidib.
Azərbaycan və Türkiyə arasında media sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması və iki ölkə arasında Birgə Media Platformasının yaradılmasından sonra 2021-ci ildə Azərbaycan Respublikası Audiovizual Şurası bu ideyanın inkişaf etdirilərək yenidən gündəmə gətirilməsinə nail olub. Bunun məntiqi nəticəsi kimi, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Media və informasiya üzrə nazirlərinin 4-cü Toplantısının Razılaşdırılmış Protokoluna uyğun olaraq, bu toplantının 2022-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçirilməsi qərarlaşdırılıb. Hesab edirəm ki, bu gün bu məsələnin yenidən gündəmə gəlməsinin, hərtərəfli müzakirə olunmasının və praktikada reallaşdırılması üçün yeni impulsların verilməsinin vaxtı çatıb.
Əminəm ki, Türk Dövlətləri Təşkilatının Katibliyinin səyləri ilə türk dövlətlərinin audiovizual media tənzimləyicilərinin sıx koordinasiyası ölkələrimizdə cərəyan edən inteqrasiya proseslərinin gedişi zamanı qarşıya çıxan çoxsaylı məsələlərin həllinə və cəmiyyətlərimiz arasında ümumi media platformasının inkişafına yardım edəcək”.