Medianın İnkişafı Agentliyində onlayn konfrans keçirilib
Region mediası da prosesə cəlb olunub
Oktyabrın 12-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda "Zoom" platforması üzərindən onlayn konfrans keçirilib.
Qazet.az xəbər verir ki, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycanın bütün media subyektlərini əhatə etdiyini, o cümlədən region mediasının da prosesə cəlb olunduğunu bildirib.
O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir. Əhməd İsmayılov vurğulayıb ki, düzgün informasiya vermək jurnalistin özünün və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər.
Konfransda çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov diqqətə çatdırıb ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir.
Sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Beynəlxalq jurnalistikada peşə etikası” mövzusunda təqdimatla çıxış edib.
MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb. MEDİA Agentliyinin media savadlılığı sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.
“Kür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı media etikasının-milli mənəvi dəyərlərin tərkib hissəsi olduğunu deyib.
MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir.
Onlayn konfrans geniş müzakirələrlə davam edib, bir sıra təkliflər dinlənilib.