Bakı 25˚C Sunny

MEK Özbəkistan Milli Kitabxanası ilə əlaqələr qurur

Siyasət 14:25 21 okt, 2022
MEK Özbəkistan Milli Kitabxanası ilə əlaqələr qurur

Özbəkistana rəsmi səfər çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında olublar.

Bu barədə Qazet.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva ilə görüş zamanı iki qurum arasında sıx əməkdaşlıq münasibətləri müzakirə olunub. Qeyd edilib ki, qarşılıqlı informasiya və nəşr mübadiləsi hər iki kitabxananın istifadəçiləri üçün geniş imkanlar yaradacaq.

Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan M.Əliyev rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Görüş zamanı bu cür faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə ikitərəfli memorandumun imzalanması müzakirə olunub.

Sonra MEK-in əməkdaşları Özbəkistan Milli Kitabxanası ilə tanış olublar. Kitabxananın qeydiyyat qaydaları, oxu zalları, fondları, rəqəmsallaşdırma imkanları, o cümlədən həmin kitabxananın elmi nəşrləri haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda “Şuşa İli” çərçivəsində MEK tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” əsəri, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanan özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş kitablar Özbəkistan Milli Kitabxanasının fonduna hədiyyə verilib.