Bakı -1˚C Partly sunny

Məktəblərdə qalmaqal yaradan tarix dərsi ilə bağlı ekspertdən AÇIQLAMA

Eksklüziv 14:20 28 sen, 2022
Məktəblərdə qalmaqal yaradan tarix dərsi ilə bağlı ekspertdən AÇIQLAMA

Bakı şəhərinin  20 orta məktəbində "pilot" layihə olaraq Rus bölməsi beşinci sinifdə oxuyan şagirdlərə   tarix dərsi  Azərbaycan dilində keçirilir. Müəllim dərsi Azərbaycan dilində izah edir, lakin şagird ev tapşırığını rus dilində oxumalı olur. Bu da şagirdlər arasında müəyyən çaşqınlıq yaradır. Bu məsələ valideynlərin sualına səbəb olub. Bir neçə valideyn bu barədə redaksiyamıza müraciət edib, vəziyyətə aydınlıq gətirməyimizi xahiş edib. 

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Qazet.az saytına öz münasibətini bildirib və valideynləri narahat edən bu mövzuya aydınlıq gətirib.

Ekspert bunun əsas səbəbinin müəllim çatışmazlığı olduğunu bildirib.

"Rus bölməsi üzrə hal-hazırda pedaqoji kadr çatışmazlığı mövcuddur. Təəssüflər olsun ki, rus bölməsinə üstünlük verənlərin də sayı çoxdur. Bir auditoriyada 40-45 şagird təhsil alır. Valideynlər istəyir ki, uşaqları rus bölməsində təhsil alsın, lakin bəzən özünün rus dili ilə bağlı dil bilgisi də olmur. Sadəcə nüfuz xatirinə  övladını rus bölməsinə qoyur. Nəticə etibarı ilə bir sinifdə 40-45 şagird toplanır və bu da müəllim çatışmazlığına gətirib çıxarır. Bunun da nəticəsində bəzən  Azərbaycan bölməsi müəllimləri  rus bölməsində dərs deməli olur. Təbii ki, o da  dərsi Azərbaycan dilində tədris edir". 

Bundan əlavə ekspert vurğuladı ki, bundan sonra nazirliyin qərarına əsasən rus bölmələrində "Azərbaycan tarixi" dərsi ana dilində keçiriləcək.

"Dərslik rus dilində təqdim oluna bilər. Yəni, söhbət Azərbaycan tarixindən gedirsə, bu nazirliyin qərarıdır. "Azərbaycan tarixi", "Qarabağ tarixi" rus bölməsində Azərbaycan dilində tədris olunacaq. Biz də bunu dəstəkləyirik. Kitab rus dilində yazıla bilər, çünki uşaq rus dilində təhsil alır. Burada heç bir narahatlıq yoxdur. Dərsini rus dilində oxuyub, tədrisini Azərbaycan dilində ala bilər. Kitabı oxuyanda rus dilində oxusun".

Məktəblərdə qalmaqal yaradan tarix dərsi ilə bağlı ekspertdən AÇIQLAMA