Bakı 6˚C Mostly cloudy

Məktəblilər və valideynləri ilə maarifləndirici görüşlər keçirilib

Cəmiyyət 11:55 05 yan, 2023
Məktəblilər və valideynləri ilə maarifləndirici görüşlər keçirilib

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən “Peşəkarlıq yolunda” layihəsi davam edir.

Bu barədə Qazet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində şagirdlər düzgün ixtisas və peşə seçimi, uğurlu karyera inkişafı barədə məlumatlandırılır, məktəblərin müxtəlif ixtisaslara yiyələnmiş məzunları və müxtəlif peşə sahibləri olan valideynləri tərəfindən maarifləndirici görüşlər keçirilir. Həmçinin, şagirdlərə universitetlər, peşə təhsili müəssisələri haqqında məlumat verilir.

Layihə çərçivəsində ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlər də təşkil olunur. Həmçinin peşə təmayüllü siniflərin şagirdləri və peşə təhsili müəssisələrinin tələbələri ilə birgə maarifləndirici videosüjetlər, təqdimatlar hazırlanaraq görüşlərdə nümayiş olunur.

Qeyd edək ki, layihənin məqsədi təhsil alanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin də bu istiqamətdə maarifləndirilməsidir.