Məmur: "Vilyam Hacıyevin qanunsuz tapşırıqlarını icra edirdim"
Ev və torpaq almaq istəyən şəxsləri Vilyam Hacıyev yanıma yollayırdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Qazet.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Rahim Zaidov bildirib ki, İmişli RİH-in Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir.
O deyib ki, RİH-in rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirib: "Ev və torpaq almaq istəyən şəxsləri Vilyam Hacıyev yanıma yollayırdı. Mən də tapşırıqları icra edirdim. RİH mənzil komissiyasında sədr idim, evlərin verilməsi ilə bağlı işlərə nəzarət edirdim. Etiraf edirəm ki, bütün bu işlər qanunsuz olurdu. Mənzillər güzəştli şəkildə də verilirdi, pulla da verilirdi. Biz nəyəsə etiraz edə bilmirdik. Mənzil məsələsini baş mühasib həll edirdi. Torpaq və evin alınması, təyinatının dəyişdirilməsi üçün vətəndaşlara qanunsuz olaraq sənəd verirdik. Təbii ki, növbədə olanlara yox, kənar şəxslərə 3 otaqlı evi 18 minə, 2 otaqlı evi isə 10 min manata verirdik. Hətta növbədə olan adamlardan da pul alırdıq. Pul məsələsində baş mühasibin rolu böyük idi. Məbləğ isə torpağın yerinə və sahəsinə görə müəyyən edilirdi".
R.Zaidov V.Hacıyevdən əvvəl İmişli RİH-də qanunsuz halların baş vermədiyini söyləyib: “Ondan əvvəlki icra başçısı məndən belə şeylər tələb etmirdi”.
Məhkəmədə elan edilib ki, şahidin məhkəmə və istintaq ifadələri arasında ziddiyətlər var. Şahidin istintaqa verdiyi ifadəsi elan olunub.
Daha sonra digər şahid Nazim Rəsulov dindirilib. O deyib ki, 2017-ci ildən İmişli RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyir: "Tikintilərin aparılması, icazələrin verilməsi məsələləri Vilyam Hacıyevin təşəbbüsü ilə icra edilirdi. 1996-ci ildən rayonda müxtəlif vəzifələrdə işləmişəm. Mən vəzifədə qalmaq üçün onun dediklərinə əməl edirdim. Vətəndaş müraciət edirdi, ərizə yazırdı ki, sahibkar kimi obyekt tikmək istəyirəm. Təbii ki, vətəndaşla təmasda baş mühasib və biz olurduq. Artıq pul məsələsini Vilyam müəllim təyin edirdi. Elə olurdu ki, o, sərəncam yazdırırdı və pulu da özü birbaşa götürürdü. Hər il rayonda abadlıq işləri görülməsi üçün ora pul ayrılırdı. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün podratçı şirkətə 4 milyon manat pul ayrılmışdı. Hazırda işlər hələ də davam edir və cəmi 3 milyon iş görülüb. İşimi itirməmək üçün "Forma-2"ləri oxumadan imzalayırdım. Pulu mən alırdım, bəzi hallarda isə mühasibatlığa verirdim".
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.