Milli Məclisdə Nuru Paşa və Türk İslam Ordusuna abidə qoyulması təklif edilir
Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır
Milli Məclisdə Nuru Paşanın və Türk İslam Ordusunun abidəsinin qoyulması təklif edilir.
Qazet.az xəbərinə görə, bu təkliflərlə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan parlamentində Nuru Paşanın və Türk İslam Ordusunun abidəsi qoyulmalıdır: “Niyə bu məsələni diqqətdə saxlayan yoxdur? Əvvəllər buna mane olanlar var idi. İndi isə belə bir problem yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır”.
S.Rüstəmxanlı həmçinin bildirib ki, istiqlalçı deputatlara təqaüdlər verilməlidir: “Xarici ölkələrdə həmin şəxslərə milli qəhrəman adı verilir. Ancaq bu gün onlar həmin adı istəmirlər. Sadəcə, dolanışıqlarının yaxşı olması üçün həmin şəxslərə təqaüd verilməlidir”.