Bakı 9˚C Intermittent clouds

Mixail Qusman Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirib

Gündəm 19:53 05 iyl, 2022

Rusiyanın əməkdar jurnalisti bildirib

Mixail Qusman Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirib

"Yarandığı gündən Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun dəstəklənməsi istiqamətində fəal iş aparır, xaricdəki soydaşlarımızla əlaqələri genişləndirir və millətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verir".

Qazet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti və əməkdar mədəniyyət işçisi, Dövlət Mükafatı laureatı Mixail Qusman deyib.

O qeyd edib ki, Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlı Dövlət Komitəsinin diqqətini və dəstəyini yüksək qiymətləndirir: "Yaxşı bilirəm ki, Rusiyadakı diasporumuz Azərbaycanın dünya miqyasında qazandığı parlaq uğurlar, iqtisadi, sosial və mədəni quruculuq məsələlərində əldə etdiyi gözəl nəticələrlə səmimi şəkildə və ürəkdən fəxr edir.

Dünyadakı Azərbaycan diasporunun da hesab etdiyi kimi, müasir Azərbaycan dövlətinin bütün uğurları ölkənin qurulmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müasir mütərəqqi inkişafında misilsiz xidmətləri olan Prezident İlham Əliyevin adları ilə sıx bağlıdır. Əminəm ki, bütün soydaşlarımız həmişə öz tarixi vətənlərinə sadiq qalacaqlar, ona minnətdarlıq və dərin vətənpərvərlik hissi ilə yaşayacaqlar".

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 5 iyul 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.