Bakı 4˚C Windy

MKİ direktoru: “Çin öz ambisiyalarına görə Rusiyanın Ukraynadakı uğursuzluqlarından narahatdır”

Xəbərlər 05:27 18 dek, 2022
MKİ direktoru: “Çin öz ambisiyalarına görə Rusiyanın Ukraynadakı uğursuzluqlarından narahatdır”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns hesab edir ki, Rusiyanın Ukraynaya hücumu və xüsusilə onun ilkin planının iflasa uğraması Çin lideri Si Cinpinin narahatlığına səbəb olub.

Qazet.az xəbər verir ki, bu barədə MKİ başçısı PBS-ə müsahibəsində danışıb.

“Heç bir xarici liderin Tayvan və başqa yerlərdə öz ambisiyaları haqqında düşünərkən bu müharibəyə və Rusiyanın zəif hərbi göstəricilərinə Si Cinpin qədər diqqət yetirdiyini düşünmürəm”.

Börns qeyd edib ki, “Çin rəhbərliyinin Ukraynadakı müharibəyə reaksiyasını izləmək maraqlı olub”, çünki Ukraynaya hərbi müdaxilədən bir neçə həftə öncə Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekin Qış Olimpiya Oyunlarında görüşərək “sərhədsiz dostluq”larını elan ediblər.

Lakin, MKİ direktorunun sözlərinə görə, bu tərəfdaşlığın hüdudları bir neçə həftə sonra ortaya çıxıb. Belə ki, rəsmi Pekin Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah çatdırmır:

“Məlum olur ki, bu tərəfdaşlığın ən azı Sədr Sinin Ukrayna müharibəsi zamanı Putinə istədiyi hərbi yardımı göstərmək istəməməsi baxımından müəyyən sərhədləri var”.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns MKİ-nin Rusiyanın faktiki olaraq taktiki nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlaməti görmədiyini bildirib.