Bakı 5˚C Cloudy

"Mobil telefon ermənidən daha böyük təhlükədir" - Hərbi ekspertdən generallara İTTİHAM

Siyasət 18:35 20 noy, 2021

 Əsgərlərin erməni hərbçilərininin videosunu çəkərək “Cəlilabada salam de”, “Bərdəyə salam de” söyləməsi qaş düzəldən yerdə göz çıxarmağa bərabərdir

"Mobil telefon ermənidən daha böyük təhlükədir" - Hərbi ekspertdən generallara İTTİHAM

Xəbər verdiyimiz kimi, noyabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müşavirədə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Qeyd olunub ki, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, əvvəllər orduda hər bir bölükdə "zampalit" adlanan bölük komandirinin tərbiyəvi işlər üzrə müavini olurdu. Hansı ki, onlar əsgərlərin əsasən siyasi, mənəvi tərbiyəsi ilə məşğul idilər. Sonradan hərbi hissə komandirinin bu sahə üzrə müavini saxlanılsa da, bölüklərdə bu vəzifə ləğv edildi. Təbii ki, bu vəzifələr qalsaydı və əsgərlərə düzgün tərbiyə keçilsəydi, bəlkə də son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşlərlə bağlı şəkilləri, videoları sosial şəbəkələrdə görməzdik. Eyni zamanda, bunlar düşmən ölkənin Azərbaycana qarşı anti-təbliğat aparmasına gətirib çıxarmazdı.

Bəs görəsən, orduda qeyd etdiyimiz "zampalit" vəzifəsi bərpa oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb. O bildirib ki, Vətən müharibəsinə qədər bu vəzifələr var idi:

"Müharibədən sonra orduda bəzi ştat dəyişiklikləri edildi. Bu dəyişikliklərdən sonra orduda bəzi boşluqlar yarandı. Bu boşluq mütləq doldurulmalıdır. Əsgərlərlə işləyən adam nəyin nə olduğunu onlara izah etməlidir. Son hadisələr onu göstərdi bu sahədə ciddi problemlər var. Əsgərlərin erməni hərbçilərininin videosunu çəkərək “Cəlilabada salam de”, “Bərdəyə salam de” söyləməsi qaş düzəldən yerdə göz çıxarmağa bərabərdir. Bu videonu çəkmək düzgün deyil. Əgər çəkilibsə belə, sadəcə öz telefonunda saxlaya bilərsən. Mobil telefonlar gənclərin bəlasına çevrilib. Onlar başa düşmür ki, mobil telefonlar ermənilərdən daha təhlükəlidir. Mobil telefon düşmənə birbaşa koordinat verir. Düşmən əsgərlərin yerini asanlıqla təsbit edə bilir. Sonuncu hadisələrdə əsgərimizin ölümünün əsas səbəbindən biri düşmənin atdığı minaatanlardan, artilleriyadan açılan atəşlər olub. 21-ci əsrdə müasir avadanlıqlar yüz kilometrlərlə məsafədən həmin əsgər və zabitlərin yerini təsbit edə bilir. Koordinat saniyələr ərzində müəyyən edilir. Bu çox ciddi məsələdir və təkcə əsgər və zabitlərlə bağlı olan problem deyil. Bizim hətta generallarımız da bəzən səhlənkarlığa yol verir. Generallar mobil telefonla ön xəttə gedir. Belə hallar yolverilməzdir. Müharibədə mobil telefonla özçəkim, video çəkmək olmaz. Hər şeyin öz yeri var”.

Ekspert bildirib ki, Müdafiə Nazirliyinin bu məsələyə diqqət yetirməsi məhz bununla bağlıdır:

“Ermənilər bizim çəkdiyimiz video kadrları səfirliklərə, müxtəlif beynəlxalq təşkilatlara ötürərək bildirir ki, azərbaycanlılar əsgərlərimizə qarşı vəhşilik törədir. Nazir məcbur qalaraq bu məsələni ictimailəşdirdi. Bu məsələ ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Döyüşdən çəkilən videonu dostuna göndərən əsgərin cihazından bu məlumatlar asanlıqla ələ keçirilir. Gənclər təcrübəsizlikdən belə yanlışlığa yol verir. Nazirin bu addımı başa düşüləndir. Bəzən deyirlər ki, filan əsgər döyüşdə iştirak edib, amma onu ordudan tərxis ediblər. Səbəbsiz yerə əsgər ordudan niyə tərxis olunsun ki? Heç bir halda döyüşə mobil telefon aparmaq olmaz. Bir də görürsən hansısa şəhidin anası açıqlama verir ki, sonuncu dəfə Qubadlıdan bizdə zəng etmişdi. Axı bu olmaz. Mobil telefon ermənidən daha böyük təhlükədir. Mən bu barədə dəfələrlə demişəm".