Moskvada Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir
Sergey Lavrov Hüseyn Əmir Abdullahian ilə görüş keçirib
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
Qazet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.
S. Lavrov bildirib ki, Rusiya və İran prezidentlərinin bu ilin avqust və sentyabr aylarında baş tutmuş son telefon danışıqları zamanı gələcəkdə görüləcək işlərin bir sıra istiqamətləri razılaşdırdılıb.
“Bugünkü görüşdə bu razılaşmaların həyata keçirilməsi məsələsinə baxmalıyıq. Əməkdaşlığımızın yeni istiqaməti İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qoşulması olacaq. Bununla bağlı müvafiq qərar ŞƏT-in bir müddət əvvəl Düşənbədə keçirilmiş sammitində verilib. Əlbəttə ki, bugünkü danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının heç bir əlavə olmadan tam şəkildə bərpa olunması prioritet məsələdir. Biz danışıqlarda bu prosesi tezləşdirmək istəyirik. Gündəlikdə olan digər məsələlər isə, əlbəttə ki, Suriya, Yaxın Şərqin və Şimali Afrikanın digər regionlarındakı əməkdaşlığımız və Fars körfəzi zonasında normal münasibətlərin bərpa olunması yollarıdır. Ona görə də, hesab edirəm ki, sizin Moskvaya səfərinizin olduqca vaxtında edilmiş səfərdir. Əminəm ki, səmərəli işləyəcəyik”, - Rusiya XİN rəhbəri vurğulayıb.